Bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, çünki ötən il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyub.
Elçin Əmirbəyov vurğulayıb ki, Azərbaycanla Ermənistan bu gün sülhə heç vaxt olmadığı qədər yaxındırlar.
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Azərbaycan və Ermənistan sərhəd komissiyalarının son razılaşmasını və Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasını müsbət hal kimi qiymətləndirib və əlavə edib ki, bununla da Azərbaycan və Ermənistan de-fakto delimitasiya prosesinə başlamış oldular:
“Bu razılaşma (delimitasiya ilə bağlı) tərəflərin ikili əsasda birbaşa təması nəticəsində və hər hansı kənar üçüncü tərəfin iştirakı olmadan əldə olunub. Bu onun göstəricisidir ki, biz məsələləri özümüz həll edə bilərik. İkinci məqam ondan ibarətdir ki, Ermənistan özü bizim torpağımızdakı işğalı sonlandırmağa qərar verdi və bu, hərbi yolla deyil, diplomatik yolla baş tutdu. Sonuncu məqam ondan ibarətdir ki, bu, Azərbaycana qarşı səsləndirilən fikirlərin – guya Azərbaycan Ermənistana qarşı hücuma hazırlaşır və qalan məsələləri güc yolu ilə həll etmək niyyətindədir yanaşmasının həqiqət olmadığını göstərdi”.
Elçin Əmirbəyov deyib ki, hələ də həll olunmamış məqamlar qalır. O, bu məqamlardan danışarkən bildirib ki, əgər tərəflər sülh müqaviləsinin əsasında ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması prinsipini vurğulayırsa, o zaman Ermənistan tərəfi bu sazişin mətni və ruhu ilə bağlı problemi aradan qaldırmalıdır: “Ermənistanın milli qanunvericiliyində, Konstitusiyasında dəyişiklik olmalıdır, çünki hazırkı versiyada Qarabağın Ermənistanın bir hissəsi olduğu iddia olunur. Bu, Azərbaycana qarşı torpaq iddiasıdır. Xüsusilə nəzərə alsaq ki, Ermənistan Baş naziri artıq bir neçə dəfə öz bəyanatlarında vurğulayıb ki, o, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyır".
Elçin Əmirbəyovun sözlərinə görə, Azərbaycan həll olunmamış məsələlərin sülh yolu ilə həllinə sadiqdir və Azərbaycan tərəflər arasında danışıqların intensivləşdirilməsini dəstəkləyir: “Ermənistan tərəfini əmin etmək istərdik ki, sülh müqaviləsinin əsas prinsipləri: qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünün tanınması, suverenlik və sərhədlərinin dəyişməzliyi Azərbaycanın üzərinə götürdüyü öhdəlikdir. Bu, qarşılıqlılıq prinsipinə əsaslanır.
Eyni zamanda, hesab edirik ki, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yolun açılmasına maneçiliyi dayandırmalıdır. Bu blokada hələ də davam edir”. (APA)