19.10.2024, 16:42
AZ EN
30.01.2024, 18:30 178

AŞPA Azərbaycanı itirir, qurumun onsuz da zəif olan sütunu isə laxlayır

XƏBƏRLƏR
  • AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə cavab olaraq ölkəmizin oradakı nümayəndələri əməkdaşlığı və orada iştirakını dayandırmasına dair bəyanat yaydılar. Bundan sonra Azərbaycan nümayəndə heyətinin təşkilatda fəaliyyətini davam etdirib-etdirməyəcəyi və proseslərin hansı məcrada inkişaf edəcəyi günün əsas sualıdır.

Lakin hətta Azərbaycan bu qurumda qalsa belə, Avropa Şurası, onun Parlament Assambleyası ölkəmizə nə dərəcədə lazımdır? AŞPA nə qədər vacib və yaxud nüfuzlu təşkilatdır?

Müstəqillik qazandıqdan sonra işğala məruz qalan Azərbaycanın üzv olduğu təşkilatlarda əsas məqsədi bu idi: işğala, etnik təmizləməyə, soyqırımına məruz qalmasını bütün platformalarda beynəlxalq ictimaiyyətə çatdırmaq. Azərbaycan Avropa Şurasına 2001-ci ildə tamhüquqlu üzv seçilib. AŞPA-nın həmin il aprelin 24-dən 27-dək keçirilmiş plenar sessiyasında Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq tamhüquqlu üzv kimi iştirak edib. Elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri Avropa deputatlarının diqqətinə çatdırılıb.

2005-ci ildə AŞPA-nın qış sessiyasında Azərbaycanın davamlı səyləri nəticəsində “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı qətnamə və tövsiyə qəbul olunub, Qarabağ problemi üzrə alt-komitə yaradılıb. Sonradan Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv mövqeyinə görə alt-komitənin fəaliyyəti bir müddət dayandırılıb.

2016-cı il yanvarın 26-da qurumun plenar iclasında Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı iki hesabat müzakirə olunub. “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat assambleyadakı müzakirələrdə yetərli səs toplamasa da, Militsa Markoviçin hazırladığı “Azərbaycanın cəbhəboyu rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabat səs çoxluğu ilə qəbul edilib.

Lakin bütün bu sənədlər təsdiqlənməkdən və bəyanatdan o tərəfə keçməyib. Aydındır ki, Avropa Şurası məcburedici qüvvəyə malik deyil, lakin Azərbaycan məsələsində olduğu kimi, müəyyən məhdudlaşdırıcı tədbirlərə əl ata bilir. İyirmi ildən çox üzvlüyü müddətində, hətta sözügedən sənədlərin qəbulundan sonra Ermənistan nümayəndə heyətinin etimadnaməsi bir dəfə də olsun müzakirə obyektinə çevrilməyib, səsvermə hüquqları əllərindən alınmayıb. Əgər təşkilatın əsas ideyası insan haqları, demokratiya və qanunun aliliyinin qorunmasıdırsa, 30 illik işğal dövründə azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqları Ermənistan tərəfindən kifayət qədər pozulub, bununla bağlı bütün beynəlxalq hüquq və sənədlər, qərarlar və prinsiplər gözardı edilib.

AŞPA-nın sənədində Azərbaycanın Laçın yolunu guya “blokadada saxladığı” və sentyabr hadisələrindən (lokal antiterror tədbirlərindən) sonra Qarabağ ermənilərinin bölgədən tamamilə çıxarıldığı iddia olunur. Azərbaycan bu mövzu ilə bağlı dəfələrlə mövqeyini ifadə edib və Qərb də israrla həqiqətləri görməzdən gəlib. Baxmayaraq ki, ölkəmiz Qarabağda yaşamış erməni sakinlərin hər zaman geri qayıda və Azərbaycanın yurisdiksiyasına keçə biləcəyini bəyan edib.

Beləliklə, Fransa və Almaniya kimi ölkələrin əlində oyuncağa çevrilən AŞPA-nın Azərbaycana qarşı addımında açıq ikili standart mövcuddur. İndiyədək bir sıra ölkələr AŞPA Monitorinq Komitəsinin müşahidəsi altına daxil edilib. Son olaraq Macarıstanda 2022-ci ildə tam monitorinq proseduru başladılıb. Daha əvvəl isə bu prosedur ilk dəfə Polşa ilə bağlı icra edilib, Türkiyə ilə bağlı qətnamə qəbul olunub. Amma bu qərar və qətnamələr, hesabatlar heç zaman nümayəndə heyətlərinin etimadnaməsinin təsdiqlənməməsi üçün əsas rolunu oynamayıb. Sual oluna bilər: Bəs, AŞPA Azərbaycana qarşı niyə bu qədər qərəzli davrandı? Cavab aydındır: Onlar ölkəmizin müstəqil siyasətini, Azərbaycanın Ermənistanı məğlubiyyətə uğradaraq suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsini həzm edə bilmirlər.

Bundan sonrakı addım nə olacaq, yaxud nə ola bilər? AŞPA-nın qərarı və bununla bağlı növbəti addımlar, ilk növbədə, qurum üçün mənfi təsirlərə malikdir. Bu qərar qurumun ölkələrə münasibətdə ədalətsiz, qərəzli yanaşa biləcəyini nümayiş etdirdi. Xatırlatmaq yerinə düşər ki, 2022-ci ildə Rusiya bu təşkilatdan çıxıb. İndi Azərbaycanın da ədalətsiz qərardan sonra bu qurumdan çıxması ehtimalı belə, əslində, qurumun “yumşaq gücü”nü şübhə altına salır, onun onsuz da zəif olan sütununu daha da laxladır... (AZERTAC)

Oxşar xəbərlər