22.11.2024, 18:36
AZ EN
07.05.2024, 15:53 350

ABŞ rəsmisi erməni jurnalistin Şuşa ilə bağlı sualını cavabsız qoyub

XƏBƏRLƏR
  • Amerikada yaşayan erməni jurnalist ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerə Azərbaycanla bağlı sual ünvanlayıb. ABŞ rəsmisi isə erməni jurnalistin brifinqdə ona ünvanladığı suala cavab verməkdən imtina edib.

"Vətən səsi" xəbər verir ki, Metyu Miller Amerikanın ölkəmizdəki səfirinin Şuşa səfəri, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda gözlənilən görüşünü şərh etməyib.

“Bu mövzuda heç bir şərhim və ya gözləntim yoxdur”, - Miller erməni jurnalistin müvafiq sualına cavabında deyib.

Xatırladaq ki, dünən ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi xanımı ilə birlikdə Şuşa və Füzuli şəhərlərində olub. Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşüb, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olub və Cıdır düzünü gəzib.

Mark Libbi bir neçə gün öncə Azərbaycan mediasına açıqlamasında Şuşanı "qaytarılmış ərazi" adlandırmış və "şounun iştirakçısı olmaq üçün getmək istəmirəm" demişdi. Səfirin bu açıqlaması Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurmuşdu.

ABŞ səfirinin Şuşaya səfəri ermənilərin qəzəbinə səbəb olub. Dövlət Departamentinin sözçüsünün erməni jurnalistin Şuşa ilə bağlı sualını cavabsız qoyması isə ABŞ hökumətinin regiondakı reallıqları qəbul etdiyini və Azərbaycanın yürütdüyü siyasəti dəstəklədiyini deməyə əsas verir.

Elxan SALAHOV

Oxşar xəbərlər