09.06.2025, 02:16
AZ EN
23.12.2023, 11:43 254

Deputat: Fransanın agentura şəbəkəsinin Azərbaycana münasibətdə hərəkət imkanı yoxdur

XƏBƏRLƏR
  • “Nə Fransa, nə digərlərinin agentura şəbəkəsinin Azərbaycana münasibətdə hərəkət imkanı var”.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, Qərb mətbuatında, Cənubi Qafqaz, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması barədə məlumatların səhihliyi barədə yalnız aidiyyəti dövlət strukturları açıqlama yaya bilər: “Lakin ötən dövr ərzində Fransanın regionda beynəlxalq hüquqa zidd davranışları, dövlətlərin suverenliyi, ərazi bütövlüyü prinsiplərinə zidd fəaliyyəti fonunda, əslində, Parisin qeyri-dost mövqeyi şübhə doğurmur. Xüsusən Vətən müharibəsi və sonrakı dövrlərdə Fransanın mövqeyindən aydın görünürdü ki, Fransa regionda sülh və sabitlik arzulamır və bütövlükdə münaqişəsiz durumu özünün maraqlarına təhdid olaraq görür. Təbii ki, Fransa kimi dövlət fəaliyyətini yalnız nəzəri niyyətlər üzərində qurmur və təxribatçı və təhlükəli mövqeyinin reallaşdırılması üçün əməli addımlar da atır. Fransanın destruktiv mövqeyinin realizəsi isə açıq diplomatik fəaliyyətlə mümkün deyil və bu mənada, agentura şəbəkəsi ilə bağlı Qərb mətbuatının məlumatları ciddi qəbul edilməlidir. Lakin dəfələrlə ifadə olunduğu kimi, Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin mühüm seqmenti olan təhlükəsizlik orqanları da inkişafının çiçəklənmə dövründədir”.

Deputat qeyd edib ki, ölkəmizdə Ulu Öndərin yaratdığı, hazırda da həmin ənənələri peşəkarcasına yaşadan əks-kəşfiyyat fəaliyyəti dünyada ən yaxşılarındandır: “Vahid dövlət siyasətinə əsaslanan Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması istiqamətləri tarazlaşdırılıb və aidiyyəti orqanlar bir-birini qarşılıqlı surətdə operativ məlumatlandırır, həmçinin, beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya mövcuddur. Yəni, Azərbaycanda xalqın və ölkənin milli maraqlarının, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması ən yüksək səviyyədə təmin edilib. Bu mənada, nə Fransa, nə digərlərinin agentura şəbəkəsinin Azərbaycana münasibətdə hərəkət imkanı yoxdur, Azərbaycan xüsusi xidmət orqanları ən azı bir neçə addım öndən proseslərə nəzarət edir”. (APA)

Oxşar xəbərlər