Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov Milli Məclisdə “Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Qərbi Azərbaycan İcması yaradılıb və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında əsas məsələlərdən bir də bizim adların bərpasıdır.
“Biz torpaqlarımıza qayıdacağıq, bunun alternativi yoxdur və bizim tələbimiz Ermənistan hökumətindən tələbimiz ondan ibarətdir ki, həmin ərazilərdə bizim tarixi toponimlərimiz bərpa olunmalıdır. Qərbi Azərbaycan Konsepsiyası həyata keçiriləcək. Artıq toponimlərimizin bərpa eilməsinə başlanılıb. ASAN xidmət vasitəsilə Qərbi Azərbaycan əsilli insanlara şəxsiyyət vəsiqələri veriləndə onların doğulduğu kəndlərin tarixi adları bərpa olunur. Biz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını həyata keçirəcəyik. Bu beynəlxalq hüquqa söykənən bir məsələdir və öz doğma torpağında yaşamaq hər bir insanın hüququdur”, - deyə o əlavə edib. (Trend)