25.06.2025, 23:35
AZ EN
31.10.2023, 10:19 304

Paşinyan prezident Vaaqn Xaçaturyanı Zəngəzura göndərir - 3 GÜNLÜK SƏFƏRİN SİRRİ

XƏBƏRLƏR

Ermənistan prezident Vaaqn Xaçaturyan Zəngəzur bölgəsinə 3 günlük səfərə hazırlaşır. Geniş proqrama malik səfərin məqsədi Zəngurda yaşayan sakinlərin qayğı və problemlərini öyrənmək, bu bölgənin gələcək inkişaf perspektivləri ilə bağlı narahatlıqların nədən ibarət olduğunu müəyyənləşdirməkdir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, prezident Xaçaturyan Zəngəzur bölgəsindən daxil olan çoxsaylı məktub və müraciətləri nəzərə alaraq, nəhayət, onları qayğılandıran məsələlərlə maraqlanmağa başlayıb. Onun sabah Zəngəzur bölgəsinə planlaşdırdığı 3 günlük səfər də bununla bağlıdır.

“Hraparak” qəzetinin yaydığı məlumata görə, prezident Vaaqn Xaçaturyan səfər çərçivəsində bölgədəki bütün əsas icmalara baş çəkəcək, regional hökumət və icma rəhbərləri ilə görüşəcək. O da qeyd olunur ki, prezident bölgənin ümumi problemləri ilə şəxsən tanış olmaq istəyir.

Bildirilir ki, son zamanlar Ermənistanın siyasi rəhbərliyinin Zəngəzura xüsusi maraq göstərməsi və demək olar ki, bütün toplantılarda, hökumətin iclaslarında bu bölgənin gələcəyi ilə bağlı hansısa planların olduğuna işarə edilməsi bölgədə yaşayan əhali arasında narahatlıqlara səbəb olub.

Erməni mətbuatı açıq şəkildə olmasa da, regionda gedən siyasi proseslərin fonunda Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması ilə bağlı müəyyən gərginliyin olduğuna eyham vurur. Bildirilir ki, 44 günlük müharibədən sonra regionda marağı olan geosiyasi mərkəzlərin diqqətində olan Zəngəzur dəhlizi ilə bağlı mühüm hadisələr və dəyişikliklər gözlənilir. Ermənistan hökumətinin son vaxtlar həmin regiondan daxil olan şikayət və müracətləri xüsusi diqqətlə izləmək, yerlərdə mövcud olan problemləri dərindən öyrənmək istəyi də bununla əlaqədardır.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan da ötən şənbə günü Zəngəzurda olub. İndi isə Ermənistan prezidentinin bölgəyə 3 günlük səfəri, yerli sakinlər, regional hökumət və icma rəhbərləri ilə görüşlərin təşkili də özülüyündə çox şey deyir.

Elxan SALAHOV

Oxşar xəbərlər