Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
“Dövlətimizin başçısı son 20 ildə ölkəmizin qazandığı uğurlar barəsində məlumat verərək deyib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. Bu müddət ərzində Azərbaycan neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuş və 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Bu dövrdə ümumi daxili məhsul (ÜDM) dörd dəfə artıb. Düşünülmüş sosial siyasət nəticəsində yoxsulluğun səviyyəsi təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu, onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalinin bütün seqmentləri arasında ədalətli bölünüb. Bununla yanaşı, xarici borcun səviyyəsi hər il azalır. Bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır”, - deyə hüquq müdafiəçisi xatırladıb.
Ç.Qənizadə işğaldan azad edilmiş ərazilərin inkişafının hazırda diqqət mərkəzində saxlanıldığını bildirərək deyib ki, əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Keçmiş məcburi köçkünlərin mümkün qədər tez yerləşdirilməsi prioritet məsələdir. Prezident 2026-cı ilin sonunadək 140 min insanın doğma yurdlarında yerləşdirilməsinin planlaşdırıldığını deyib. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və bu əməkdaşlığın real nəticələri artıq özünü büruzə verir. Ölkəmizin neft –qaz hasilatı və ixracı hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir.
Hüquq müdafiəçisi sözlərinə davam edib: “Prezident İlham Əliyevin “Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür” fikri böyük maraqla qarşılanıb. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Belə hallar Azərbaycan dövlətini mövqeyindən çəkindirə bilməz. Çünki ölkənin inkişafı düşünülmüş şəkildə aparılır. Hətta işğal dövründə iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Genişmiqyaslı iqtisadi islahatlar aparılır ki, büdcədə daha çox vəsait toplansın. Gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib. Bu islahatların nəticəsi bu gün özünü açıq şəkildə büruzə verir. Dövlətimizin başçısı müsahibəsində diqqət çəkən məqamlardan söhbət açıb. O, Ermənistanın işğalçılıq siyasəti zamanı törətdiyi vəhşiliklər, sülh müqaviləsinin imzalanmasına laqeyd yanaşma, Azərbaycanın təklif etdiyi 5 baza prinsipi, Vətən müharibəsindəki tarixi Qələbə, eləcə də Qarabağda aparılan antiterror tədbirləri, iki yüzdən artıq ölkədən ibarət olan beynəlxalq birliyin əksəriyyətinin Azərbaycanı dəstəkləməsi, COVID pandemiyası məsələsi ilə bağlı 80-dən çox ölkəyə yardım göstərilməsi, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi, qarşılıqlı marağa əsaslanan qonşularla münasibətlər barəsində məlumat verib. Diqqətə çatdırıb ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsindən sonra Ermənistan daha cəsarətli davranmalıdır. Çünki danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil”.
Ç.Qənizadənin sözlərinə görə, televiziyanın tamaşaçılarına da bəlli oldu ki, Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin köçüb getməsinin tərəfdarı deyil. Hazırda bu ərazilərdə yaşayan ermənilər üçün heç bir təhlükə yoxdur. Dövlətimizin başçısı bu məsələni də diqqətə çatdıraraq deyib ki, Qarabağ ermənilərinin hüquqları təmin olunacaq. Onların dil, tədris, din, bələdiyyə hüquqları nəzərə alınıb. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə və orada yaşamağa davam edə bilərlər. “Euronews” televiziyası vasitəsilə dünya ictimaiyyətinə də bəyan edildi ki, Azərbaycan çoxmillətli, çox konfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. (AZƏRTAC)