Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Tvitter paylaşımına cavab verib.
“Cənab nazir, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəddən keçid yaxşı tənzimlənir və heç yerdə “sərbəst keçid” anlayışı yoxdur. Bölgəyə böyük həcmdə yüklərin tədarükünə gəlincə, Azərbaycan bu məqsədlər üçün Ağdam-Xankəndi yolunu ayırıb ki, əgər 10 gün əvvəl ermənilər tərəfindən razılaşmanın şərtləri pozulmasaydı, bundan istifadə edə bilərdilər”, - deyə Hacızadə qeyd edib.
Xatırladaq ki, Buyar Osmani Tvitter paylaşımında qeyd etmişdi ki, yerlərdəki vəziyyətlə tanış olmaq üçün şəxsi nümayəndəsi Laçın rayonuna gedib.
Osmani həmçinin Laçın dəhlizindən sərbəst keçidin təmin edilməsinə çağırış edib və bununla yanaşı digər marşrutların paralel olaraq açılmasının vacibliyini vurğulayıb. (APA)