23.12.2024, 12:13
AZ EN
01.08.2023, 17:51 211

Yevlaxda Xankəndi erməniləri ilə görüş olacaq...

XƏBƏRLƏR
  • Son günlər Qarabağda yaşayan etnik ermənilərin nümayəndələri ilə Azərbaycan hökuməti arasında görüşün keçiriləcəyinə dair yayılan məlumatlar açıq müzakirə mövzusuna çevrilib. Belə ki, həm Ermənistan, həm də Azərbaycan mətbuatında tərəflər arasında qarşılıqlı təmasların reallaşması üçün razılıq əldə olunduğu və yaxın günlərdə belə bir görüşün keçiriləcəyi deyilir.

“Vətən səsi” xəbər verir ki, Ermənistandakı “Aysor” nəşri Xankəndindəki separatçı rejimin qondarma “prezident”i yanında “antiböhran şurası”nın sədri Tiqran Petrosyana istinadən belə bir məlumat yaymışdı.

“ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə avqustun 1-də Bratislavada Artsax və Azərbaycan nümayəndələri arasında görüş keçirilməli idi, lakin srağagün Azərbaycan səbəbləri izah etmədən görüşdən imtina edib” – deyə, Petrosyan bildirmişdi.

O, Moskvanın da rəsmi Bakı ilə Xankəndi arasında görüşün təşkili üçün səy göstərdiyini bildirib. Tiqran Petrosyanın sözlərinə görə, ABŞ və Avropa Birliyindən fərqli olaraq Rusiya belə bir görüşü Yevlaxda və ya Bakıda təşkil etməyə çalışır: “Lakin orada dialoq ola bilməz. Çünki biz Yevlaxda və ya Bakıda nələrin müzakirə olunacağını çox gözəl anlayırıq. Yəni, Moskva Azərbaycanda görüş təşkil edir, Bakı azadlıq mübarizəsində iştirak etmiş Artsax vətəndaşlarını oğurlamağa başlayıb və Vaqif Xaçatryanın nümunəsi gözümüzün qabağındadır. Bu şəraitdə Moskvanın belə bir təklifi bizi ələ salmaqdır”.

Separatçıların nümayəndəsi onu da deyib ki, hələ bu ilin yazında ABŞ və Avropa İttifaqı Sofiyada görüş təşkil etməyə çalışdılar. Lakin bundan xəbər tutan Rusiya oyuna girərək mayın 25-də Moskvada görüş təşkil etdi: “Həmin görüşdə Sergey Lavrov bizi milli azlıqların nümayəndələri adlandırdı. Bu, bizim üçün qəbuledilməzdir və həmin açıqlama yenə də Rusiya hakimiyyətinin real siyasətini göstərir”.

Bununla belə, Petrosyan bildirib ki, “Laçın” sərhəd buraxılış məntəqəsi ətrafında yaranmış vəziyyətlə əlaqədar Qarabağa “humanitar” yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunun təklif olunması fonunda rəsmi Bakı ilə təmaslar istisna olunmur. O qeyd edib ki, Qarabağda yaşayan etnik ermənilərin nümayəndələri ilə Azərbaycan hökuməti arasında görüşün keçirilməsi məsələsini müzakirə etmək üçün sabah (dünən-red.) və ya ertəsi gün (bu gün) Qərb ölkələrinin nümayəndələri İrəvana gələcək.

Bu arada Yevlaxda ermənilərlə görüşə hazırlıqla bağlı Azərbaycan mətbuatında da ciddi məlumatlar yayılıb. “Caliber” nəşrinin bu gün yaydığı məlumata görə, Yevlax şəhərində Azərbaycan nümayəndələri ilə Qarabağ bölgəsindəki ermənilərin nümayəndələri arasında görüşün təşkili üzərində iş aparılır. Qeyd olunur ki, görüş təklifi üçüncü ölkədən gəlməyib və orada xarici dövlətlərin nümayəndələri hər hansı bir formada iştirak etməyəcək.

“Qarabağ ermənilərinin bəzi nümayəndələri bu görüşü sabotaj etməyə çalışırlar. Bu, son dərəcə dağıdıcı mövqedir, çünki regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə onların Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər”, - deyə “Caliber” yazır.

Xatırladaq ki, iyulun 30-da  meidada Qarabağdakı erməni nümayəndələri ilə Bakı arasında Avropa ölkələrindən birində müzakirələrin olacağı barədə erməni siyasətçi Arman Babacanyan tərəfindən iddia ortalığa atılması haqda xəbər yaymışdı. Lakin bu iddia Azərbaycan tərəfindən təsdiqlənməmişdi.

Elxan SALAHOV

Oxşar xəbərlər