Bunu Türkiyə bürosuna müsahibəsində Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karaüz bildirib.
Y.Karaüz deyib ki, FETÖ terror təşkilatı yalnız Türkiyə deyil, dünya üçün təhlükə mənbəyinə çevrildiyinə görə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac var.
“İnsanların dini inancları istismar edilməklə dövlətinə, millətinə sadiq, faydalı insan yetişdirmək, tolerantlığa sahib çıxmaq adı altında fəaliyyətə başlayan bu təşkilat ilk qurulduğu vaxtdan xarici qüvvələrdən dəstək alıb, xarici kəşfiyyatın maşası olub. 1982-ci ildə Türkiyədə ilk məktəblərini açdılar. Sovetlər dağıldıqdan sonra Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, qismən də Türkmənistanda fəaliyyətə başladılar. 2016-cı ilə qədər dünyada minə yaxın məktəb təsis etdilər. Təlim-tədris fəaliyyətləri ibtidai təhsil, orta məktəb və universitetlərə tələbə hazırlamaq şəkilində özünü büruzə verməyə başladı. Əsasən imkanlı ailələrin tələbələrini cəlb edib, onların maddi vəsaitlərini mənimsədilər. Xarici ölkə kəşfiyyatları tərəfindən qorunan, dəstəklənən kadrlar vasitəsilə tələbələrdən özlərinə kadr, əlaltı hazırlamağa başladılar. Hazırladıqları kadrları gələcəkdə ölkələrin idarəedilməsinə yol açmaq üçün işə qəbul etdirdilər. Xüsusilə texniki kəşfiyyat dediyimiz dinləmə fəaliyyətlərini ələ keçirməklə kadr hazırladılar. Yəni o qədər yayılıblar ki, kütləvi həbslərlə bunları o sistemlərdən birdəfəlik təmizləmək mümkün deyil”, - keçmiş hərbi attaşe qeyd edib.
Y.Karaüz vurğulayıb ki, FETÖ 2016-cı ilin iyulun 15-dən sonra aparılan əməliyyatlara rəğmən hələ də Türkiyə üçün təhlükədir.
1991-92-ci illərdən etibarən Azərbaycanda FETÖ təşkilatının 10-dan çox məktəb, yüzlərlə hazırlıq kursu, bir ali məktəbinin fəaliyyət göstərdiyini xatırladan ekspert əlavə edib ki, onlar azərbaycanlı biznesmenlərlə bərabər fəaliyyətlər yürüdüblər: “Türkiyədə milli kəşfiyyat idarəsinin rəisinə qarşı 2012-ci ildə başladılan əməliyyat, onun ardınca 2013-cü ilin dekabrın 17-25-i tarixlərində iqtisadi çevriliş cəhdləri ilə bağlı fəaliyyətlərdən sonra Türkiyə Azərbaycanla bərabər FETÖ ilə mübarizəyə başladı. Yəni Türkiyədən sonra bu təşkilata qarşı mübarizədə ən diqqətli yanaşma Azərbaycanda olub. Azərbaycan 2013-cü ildən sonra mübarizə tədbirlərini gücləndirdi. Xüsusilə dövlətin idarəetmə strukturlarına nüfuz etmiş FETÖ-çülər ciddi nəzarətə götürüldü. Məktəbləri SOCAR-a təhvil verildi, sonra da təyinatı tamamilə dəyişdirildi".
Y.Karaüz söyləyib ki, mübarizəyə rəğmən hələ də gizlində qalan, özünü büruzə verməyənlər var. Bu mənada Azərbaycanın son fəaliyyətləri təqdirəlayiqdir və dövlətin qətiyyətinin əlamətidir:
"Hesab edirəm ki, bu tədbirlər davam etdirilməlidir. FETÖ təhsil müəssisələrindən məzun olanlar nəzarətdə saxlanılmalıdır. Onların sosial çevrələri, ailə quruluşları, xaricdə kimlərlə əlaqədə olduqları çox qərarlı şəkildə araşdırılmalıdır. Bu baxımdan Azərbaycan böyük yol qət edib. Amma FETÖ hələ də təhlükədir. Ona görə də Azərbaycan və digər ölkələrin Türkiyə ilə sıx əməkdaşlıq etməsi vacibdir”. (Report)