Bunu açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov söyləyib.
Azərbaycan tərəfindən tibbi məqsədlərlə əlaqədar Laçın yolundan erməni sakinlərinin istifadəsi üçün şərait yaradıldığını diqqətə çatdıran Əhliman Əmiraslanov bildirib: “Daha çox məhsulun tədarükü üçün onların cəmiyyətimizə reinteqrasiyasına töhfə verə biləcək Ağdam-Xankəndi yolundan istifadə təklif olunub. Ermənistan tərəfi isə “humanitar yardım” adı ilə nümayişkaranə şəkildə daxili işlərimizə müdaxilə edir, növbəti dəfə şou yaratmaqla beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə çalışır. Bununla əlaqədar olaraq Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri də xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar. Müraciətdə də qeyd olunduğu kimi “Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan erməni milliyyətli sakinlərin guya ərzaq və dərman çatışmazlığı ilə üzləşməsi barədə son dövrdə yayılan məlumatların beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini hədəf alan siyasi manipulyasiya olduğu bildirilir. Qeyd olunur ki, Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunun separatçılar tərəfindən bağlanması bu kampaniyanı başlatmış qüvvələrin həqiqi niyyətlərindən xəbər verir. Bildirilir ki, məqsəd Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya olunmasının qarşısını almaq və ya bu prosesi mümkün qədər uzatmaqdır”.
Deputat vurğulayıb ki, beynəlxalq ictimaiyyət Avropa İttifaqının bayrağını əks etdirən jiletlər geyinməklə əllərini ciblərinə salıb yüksəkliklərdən “erməni şousu”nu seyr etməkdənsə məsuliyyətli yanaşma nümayiş etdirməli, Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamalı və konstruktiv dialoqa sadiqlik göstərməyin zəruriliyini Ermənistana izah etməlidir. Yaxud elə o yüksəklikdən Zəngəzur dəhlizi də görsənir. Bir o tərəfə də baxsınlar. Zəngəzur dəhlizinin açılması Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir. Prezident İlham Əliyev bu yaxınlarda Şuşada keçirilən Qlobal Media Forumunda da Zəngəzur dəhlizindən söz açaraq, yeni mesajlar verib: “Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq”.
Zəngəzur dəhlizinin geoiqtisadi əhəmiyyətinin böyük olduğunu deyən Ə.Əmiraslanovun sözlərinə görə, bu dəhlizdən regionun bütün ölkələri yararlanmaq imkanı əldə edəcək. Dövlətimizin başçısının apardığı uğurlu xarici siyasətinin əsas istiqaməti də dünya ölkələri ilə konstruktiv əlaqələr formalaşdırıb qarşılıqlı əməkdaşlıqla birgə inkişaf etməkdir. Azərbaycan dövləti sülh təşəbbüsü ilə çıxış edən tərəf olduğunu, beynəlxalq hüququn norma və prinsiplərinə, ələlxüsus dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun şəkildə ikitərəfli əsasda Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu bəyan edir. Sülh gündəliyi ilə bağlı Azərbaycan tərəfindən sərgilənən aydın mövqeyə baxmayaraq, Ermənistan tərəfindən heç bir beynəlxalq hüququn normasına və məntiqə sığmayan, əsası olmayan tələblərin irəli sürülməsi, Azərbaycanın daxili işlərinə müdaxilə edilməsi qəbuledilməzdir. (AZƏRTAC)