Bu fikir İranın İRNA dövlət informasiya agentliyinin saytında Söhrab Ələmdarinin “Yeni Qafqaz” sərlövhəli analitik məqaləsində yer alıb.
Məqalədə qeyd olunub ki, Sovet İttifaqı dağıldıqdan sonra 15 müstəqil dövlət yarandı və böyük dövlətlərin təhriki ilə Qarabağ münaqişəsi başladı. 2020-ci ildə 44 gün davam edən müharibədən sonra Azərbaycan Qarabağı azad etdi və regionda yeni siyasi reallıqlar yarandı. Azərbaycan ermənilərin “Artsax” adlandırdıqları qondarma respublikanı ləğv etdi. 2020-ci ildə imzalanan üçtərəfli Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaranması üçün Zəngəzur dəhlizinin salınması əks olundu.
Həmçinin diqqətə çatdırılıb ki, rəsmi Bakı ilə Tehran arasındakı mübahisəli məsələlər həll olunub və Naxçıvan ilə nəqliyyat əlaqəsinin İran ərazisindən keçməsi haqqında razılıq da əldə edilib. Razılaşmaya əsasən Araz çayı üzərində avtomobil və dəmir yolu körpülərinin tikintisi qərara alınıb və bu istiqamətdə işlər davam edir. Şərq-Qərb Dəhlizinin strukturuna daxil olan bu yolla qatar və avtomobillər Azərbaycan, İran və Türkiyə ərazisindən Avropaya və əks istiqamətə yükdaşımaları həyata keçirəcək. (AZƏRTAC)