"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu "Ermənistanın Baş naziri Nikol Paşinyanı sülh sazişinin imzalanması üçün Konstitusiyada zəruri dəyişikliyə necə vadar etmək olar?" şərh edərkən bildirib. O, qeyd edib ki, bu məsələ Milli Məclisdə müzakirəyə çıxarıla bilər: “Bu halda Paşinyan anlamalı olacaq ki, əgər Konstitusiyadan Azərbaycan ərazisinə iddia edilən bəndi qısa müddətdə çıxarmasa, rəsmi Bakı da iki vacib dövlət sənədinə Qərbi Azərbaycanla bağlı bənd əlavə edəcək. Nikol Paşinyan bunu istəmirsə, Ermənistan Konstitusiyasında zəruri dəyişikliyi sürətləndirməli olacaq”.
Politoloq hesab edir ki, Azərbaycanın “Milli Təhlükəsizlik Konsepsiyası”nda və “Hərbi doktrinası”nda başqa zəruri dəyişikliklərə də ehtiyac var. Onun fikrincə, hər iki sənədin əsas maddələrini işğal altındakı torpaqların azad olunması təşkil edir: "Biz bu mövzunu həll etmişik, həmin bəndlərə daha ehtiyac yoxdur. Məsələn, bəndlərdən birində belə yazılıb: “Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında aparılan islahatlara və əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü ciddi siyasi və sosial çətinliklər yaradır. Bu problem Azərbaycan Respublikasının milli maraqlarına qarşı ən ciddi təhdiddir və regiondan kənara da öz təsirini göstərməkdədir”. Düşünürəm ki, həmin bəndə artıq ehtiyac yoxdur”.
Elxan Şahinoğlu ATƏT-lə bağlı da bəzi bəndlərə düzəlişin edilməsinə ehtiyac olduğunu vurğulayıb. O, konsepsiyada təşkilatla bağlı iki bəndin olduğunu xatıraldır:
- Azərbaycan Respublikası ona qarşı təcavüzün və ərazisinin bir hissəsinin işğalının nəticələrini aradan qaldırmaq üçün münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarı olmaqda davam edir.
- Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində oynadığı rol baxımından ATƏT-lə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur.
"Bu gün nə ATƏT-in özünün, nə də Minsk Qrupunun Azərbaycan üçün aktuallığı mövcuddur. Sənədlərdə həmin bəndlərin əvəzinə bölgədə yaranan yeni durumu əks etdirən müddəalara yer verilməlidir. Türkiyənin Azərbaycanla strateji müttəfiqliyi və “Şuşa Bəyannaməsi”ndən irəli gələn vəzifələrin vurğulanmasına ehtiyac var", - deyə politoloq əlavə edib.
Elxan SALAHOV