Ombudsman Aparatından verilən xəbərə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının yaradılması ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində iştirak etmək məqsədilə Türkiyəyə rəsmi səfərə gedib.
Anlaşma Memorandumu 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Bursa şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Respublikasının ombudsmanları və milli insan hüquqları institutlarının rəhbərləri tərəfindən imzalanıb.
Qeyd olunub ki, Türkdilli ölkələrin ombudsman və milli insan hüquqları institutları arasında aparılmış müzakirələrdən sonra yaradılan bu birlik, eyni zamanda regionda sülhün və əmin-amanlığın qorunmasında da mühüm rol oynayacaq. Səbinə Əliyeva sözügedən Assosiasiyanın fəaliyyəti çərçivəsində Azərbaycan Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində təcrübəsini digər üzv qurumlarla bölüşməyə hazır olduğunu və bu istiqamətdə birgə maarifləndirmə tədbirlərinin keçirilməsinin faydalı olacağını bildirib.