Məlum olduğu kimi, turizm potensialı, gəzməli-görməli yerləri, maddi mədəniyyət abidələri ilə zəngin olan Qarabağ və Şərqi Zəngəzur bölgəsinin mühüm hissəsi 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalıb. Bu müddət ərzində erməni quldurları işğal zonasındakı yeraltı və yerüstü sərvətlərini talamaqla yanaşı, xalqımızın əsrlər boyu qoruyub saxladığı qədim tarixə malik mədəni irsimizə qarşı misli görünməmiş vandalizm aktları törədib. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Zəfər savaşı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi Ermənistanın Birinci Qarabağ müharibəsi (1991-1994) dövründə törətdiyi çoxsaylı cinayətlərin üstünün açılması üçün geniş imkanlar yaradıb. Təsadüfi deyil ki, Azərbaycan Pespublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura ilk səfərləri zamanı işğal tarixinin unudulmaması, erməni vandalizmini özündə əks etdirən dəlil və sübutların toplanması barədə müvafiq tapşırıqlar vermişdi.
Bəs, işğaldan azad edilmiş ərazilərdə açıq muzey tipli turizm obyektlərinin yaradılması nəzərdə tutulurmu?
Bəri başdan deyək ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, “Böyük Qayıdış” proqramının icrası istiqamətində zəruri tədbirlər uğurla davam etdirilir. Bərpa və quruculuq işləri çərçivəsində İşğal və Zəfər Muzeyi komplekslərinin yaradılması da “Böyük Qayıdış”ın tərkib hissəsi kimi diqqət mərkəzindədir. Nəzərə alsaq ki, Ermənistanın müharibə cinayətlərinin, habelə mədəni irsimizə vurulmuş zərərin miqyasının qiymətləndirilməsi, işğal dövründə məhv edilən tarixi memarlıq abidələri barədə məlumatların toplanması həm də erməni vəhşiliyinin beynəlxalq aləmdə ifşası baxımından çox əhəmiyyətlidir, onda bu məsələnin ölkəmiz üçün nə qədər önəm daşıdığı mübahisə doğurmamalıdır. Elə yenidən qurulan ərazilərdə İşğal və Zəfər Muzeyi komplekslərinin qurulmasının əsas məqsədlərindən biri də erməni vandalizmini özündə əks etdirən dəlil və sübutların mühafizəsini təşkil etmək, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırmaqdır. Bu işdə Mədəniyyət Nazirirliyinin də üzərinə böyük məsuliyyət düşür.
Nazirlikdən “Vətən səsi”nə bildiriblər ki, işğal dövründə məhv edilən tarixi memarlıq abidələri barədə məlumatların toplanması və mədəni isrsimizə vurulmuş zərərin qiymətləndirilməsi bu qurumun diqqət mərkəzindədir. Belə ki, erməni vandalizminin dünyaya çatdırılması, tarixi və mədəni abidələrin, o cümlədən məscidlərin, dəyirmanların məhv edilməsinə dair dəlil və sübutların əyani şəkildə beynəlxalq aləmə göstərilməsi məqəsdilə açıq səma altında muzeylərin təşkili nəzərdə tutulub. Burada ermənilərin işğal zamanı viran qoyduğu şəhər və kəndlərimizin dağıntılarını özündə əks etdirən dəlil və sübutlar nümayiş etdiriləcək. Eyni zamanda məhv edilmiş mədəni irs nümunələrinin işğaldan əvvəlki və sonrakı vəziyyətinə dair xarici dillərdə kataloq tipli çap məhsulları və videomaterialların hazırlanması da planlaşdırılıb.
Nazirlikdən bildiriblər ki, işğaldan azad edilmiş ərazilərdə muzey komplekslərinin yaradılması məqsədilə müvafiq sahə üzrə təcrübəsi olan yerli və xarici mütəxəssislər ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində qısa müddət ərzində muzey kompleksləri üçün xüsusi konsepsiyalar hazırlanıb. 2021-2022-ci illərdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər və Qubadlı rayonlarında İşğal və Zəfər Muzeyi komplekslərinin təməli qoyulub.
Elxan Salahov