20.10.2024, 01:24
AZ EN
05.06.2023, 14:42 314

Samir Hümbətov: "Türkiyə yeni yüz ilə yenilənmiş və daha struktural formada daxil olmağı hədəfləyir"

XƏBƏRLƏR
  • "Türkiyədə formalaşdırılan yeni hökumət kabineti demək olar ki, böyük əksəriyyəti yeni şəxslərdən ibarət olan komanda kimi də dəyərləndirilə bilər".

Bunu politoloq Samir Hümbətov mətbuata açıqlamasında səsləndirib. O, qeyd edib ki, yenilərin içində köhnə komandadan olan MİT başçısı Hakan Fidanın XİN başına gətrilməsi təsadüfi deyil: "Nəzərə alsaq ki, 2010-cu ildən MİT başında olan Hakan Fidan Türkiyənin həm daxili, həm də xarici siyasətində önəmli fiqurlardan biri kimi qəbul edilir. MİT başçısı olaraq Türkiyənin Yaxın Şərq, Afrika, Mərkəzi Asiya, Cənubi Qafqaz, Balkanlar və digər regionlarda aktiv rol almasında onun ciddi xidmətləri olduğunu qeyd edə bilərik. Bu isə o deməkdir ki, qeyd edilən bölgələrdə onun ciddi nüfuzu var və bu nüfuzundan istənilən vaxt istifadə etmək imkanına malikdir. İndi isə Hakan Fidanın XİN başına gətirilməsi Türkiyənin yeni vizyon formalaşdırmasından xəbər verir.

Əlbəttə bu proses Milli Müdafiə Nazirliyi üçün də keçərlidir. Eks Milli Müdafiə naziri Hulusi Akarın ordunun Baş Qərargah rəisi Yaşar Gülərlə əvəzlənməsi də diqqətlərdən qaçan məsələ hesab edilə bilməz.

Köhnə hökumət kabinetində olan və Türkiyə siyasətinə yön verən, eləcə də preziden Rəcəb Tayyib Ərdoğanın yaxın silahdaşlarından olan eks XİN başçısı Mövlud Çavuşoğlu, eks Milli Müdafiə naziri Hulisi Akar və eks Daxili İşlər naziri Süleyman Soylu isə yeni parlamentdə AKP millət vəkili olaraq fəaliyyətlərini davam etdirirlər. Eks XİN başçısı Mövlud Çavuşoğlu çox təcrübəli diplomat olduğu üçün hesab edirəm ki, onun sıravi deputat olaraq qalmasına icazə verməzlər. Hesab edirəm ki, deputat olmasına baxmayaraq, onun təcrübəsindən başqa daha yüksək səviyyədə yararlana bilərlər. Təbii ki, eyni vəziyyətin eks Milli Müdafiə naziri Hulusi Akara da şamil ediləcəyini hesab etmək olar".

Politoloq daha sonra əlavə edib ki, deyilənlərdən və təyinatlardan da aydın olur ki, Türkiyə yeni yüz ilə yenilənmiş və daha struktural formada daxil olmağı hədəfləyir: "Burada digər önəmli məqam isə qarşıda Türkiyəni referendumun gözləməsidir. Hazırda Türkiyədə fəaliyyət göstərən konstitusiya 1980-ci il hərbi çevrilişindən sonra ordunun basqısı altında hazırlanan və qəbul edilən konstitusiya idi", - deyə politoloq vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər