ABŞ-ın Hudson İnstitutunun əməkdaşı, Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə ekspert Lyuk Koffinin müəllifi olduğu analitik məqalədə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesində son vaxtlar baş verən yeniliklər təhlil olunub. Müəllif yazır ki, illərlə davam edən döyüşlərdən, “dondurulmuş” münaqişədən və danışıqların diplomatik dalana dirənməsindən sonra Cənubi Qafqazda hadisələr sürətlə və müsbət istiqamətdə dəyişməyə başlayır. O əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə Moskvada sülh və normallaşma prosesi çərçivəsində görüşü bunun bariz nümunəsidir.
L.Koffi qeyd edib: “Bu danışıqlar mayın 1-də Vaşinqtonda və mayın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra baş tutdu. Brüssel görüşündən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, “hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımlar atmaq üçün sürətli temp saxlanılmalıdır”. Növbəti addım iyunun 1-də Moldovada - Avropa Siyasi Birliyinin sammitində beştərəfli formatda Əliyev, Paşinyan, Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə olacaq. Proses belə sürətlə irəliləməyə davam edərsə, üfüqdə uzunmüddətli sülh razılaşması ola bilər”.
Müəllif yazıb ki, Qarabağ bölgəsi Sovet İttifaqının süqutundan sonra Ermənistan və Azərbaycan arasında gərginlik və münaqişə mənbəyi olub. Bu ərazi beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır. Eyni zamanda, Paşinyan ötən həftə bildirib ki, “Azərbaycanın 86,6 min kvadratkilometr ərazisi Dağlıq Qarabağı da əhatə edir”. Bu bəyanat sülh danışıqlarında mühüm irəliləyişdir. İndiyədək Ermənistanın heç bir lideri Qarabağın Azərbaycanın bir hissəsi olduğunu etiraf etməyib. Paşinyanın Ermənistandakı siyasi vəziyyəti onsuz da təhlükəlidir və onun Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ölkə daxilində birmənalı qarşılanmayıb. Ona görə də Azərbaycanın Qarabağ üzərində nəzarətini tanıması onun siyasi cəsarəti idi, çünki bu, yəqin ki, sülh danışıqlarının növbəti mərhələsini açacaq.
Məqalədə diqqətə çatdırılıb ki, Ermənistan və Azərbaycan 1990-cı illərin əvvəlindən münaqişə vəziyyətindədir. Bu münaqişə “dondurulmuş” adlanırdı, lakin vaxtaşırı “qaynar” xarakter alırdı. Məsələn, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı gərgin döyüşlər hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində regionda gedən gərgin döyüşlərdən sonra Ermənistan təxminən otuz il ərzində Azərbaycanın böyük ərazisini, o cümlədən Qarabağ bölgəsini işğal altında saxladı. Lakin İkinci Dağlıq Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan ərazilərini geri qaytardı. Nəticədə əldə edilən atəşkəs razılaşmasına görə, Qarabağın kiçik bir hissəsi Rusiyanın sülhməramlı qüvvələrinin nəzarəti altında qaldı.
L.Koffi vurğulayıb: “Müharibə bitdikdən sonra vəziyyət gərgin olaraq qalır. Böyük döyüşlər olmasa da, dövlət sərhədində baş verən kiçik silahlı atışmalar nəticəsində hər iki tərəfdən çoxlu əsgər ölüb və yaralanıb. Bu lokal döyüşlər 2020-ci ilin noyabrından bəri davam edən diplomatik yola paralel olaraq baş verir. Danışıqlarda irəliləyiş olsa belə, tez-tez baş verən silahlı atışmalardan əlavə, tərəflər arasında problemlər də qalmaqdadır. Məsələn, İkinci Qarabağ müharibəsini sona çatdıran 2020-ci ilin noyabrında imzalanmış atəşkəs sazişinin şərtlərinin yerinə yetirilməsi istiqamətində irəliləyiş yoxdur. Konkret olaraq, atəşkəs sazişinin 9-cu maddəsində rəsmi İrəvan Ermənistanın Sünik vilayətindən keçməklə Azərbaycanla onun muxtar Naxçıvan anklavı arasında “nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat” verməyi öhdəsinə götürüb. Bu, hələ baş verməyib. Başa düşmək olar ki, irəliləyişin olmaması Bakını məyus edib.
Digər mübahisəli məsələ Ermənistanı Qarabağdakı etnik erməni icması ilə birləşdirən Laçın yoludur. Eyni atəşkəs sazişinin bir hissəsi kimi, Azərbaycan Ermənistanın ondan istifadəsinə icazə verməyi öhdəsinə götürüb. Bakı bunu etsə də, son aylarda Ermənistanın regiona qaçaqmalçılıq yolu ilə silah daşıması ilə bağlı narahatlıqlar səbəbindən həmin yolda nəzarət-buraxılış məntəqəsi qoyulub”.
Qərb politoloqu diqqətə çatdırıb ki, hazırkı geosiyasi reallıq Moskvanın istənilən sülh sazişinin vasitəçiliyində rol oynayacağı ilə bağlıdır. Sülh danışıqları bir tərəfdən Vaşinqton və Brüssel, digər tərəfdən isə Moskva arasında formal olaraq əlaqələndirilməsə də, bütün bu səylər dolayı yolla bir-birini gücləndirir.
L.Koffi sonda yazıb: “Keçmişdə Ermənistan və Azərbaycan dəfələrlə sülh sazişinə yaxın olublar, ancaq son anda danışıqlar uğursuzluqla nəticələnib. Bununla belə, Paşinyanın Qarabağda Azərbaycanın nəzarətini tanıması və Vaşinqton və Brüsselin diplomatik fəaliyyəti artırması fonunda sülh razılaşmasının perspektivləri heç vaxt bu qədər yüksək olmamışdı. Cənubi Qafqaz dondurulmuş münaqişələr səbəbindən milyardlarla dollar xarici investisiyadan məhrum olub. Yoxsul və dənizə çıxışı olmayan Ermənistan mühüm və gəlirli regional enerji və infrastruktur layihələrindən də kənarda qalıb. Rifah üçün regiona sülh lazımdır. Bu kontekstdə Moldovada keçiriləcək görüş tarix yaza bilər. Cənubi Qafqazda sülh və təhlükəsizlik naminə buna ümid edirik”. (AZƏRTAC)