01.05.2025, 13:20
AZ EN
08.01.2025, 15:21 271

Səməd Seyidov: "Öz daxilində "böhran yaşayan" bir qurum Azərbaycanla, eləcə də digər ölkələrlə bağlı hansısa bəyanat verə bilməz"

XƏBƏRLƏR
  • Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədri Səməd Seyidov BBC News Azərbaycancaya müsahibəsində deyib ki, bu qurumla münasibəti bərpa etməyə tələsmirlər.

Seyidov AŞPA-nı "hələ də Azərbaycana qarşı tamamilə obyektivlikdən uzaq olan "mövqe sərgiləməkdə" ittiham edib:

“Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini bir ilə yaxındır ki, dayandırmaq məcburiyyətində qalan Azərbaycan parlamentinin nümayəndə heyəti "hazırkı şəraitdə" bu qurumla əlaqələri bərpa etməyi düşünmür.

Avropa Şurasının daimi komitəsinin iclasının gündəliyinə baxdıqda, görürük ki, Azərbaycan orada olmadığı halda, yenə ittihamlar, yenə böhtanlar, yenə də ağlasığmaz bəyanatlar gündəmə gəlir. Biz də konkret olaraq demişik ki, bunlar bu siyasətdən əl çəkməlidirlər. Bu,"normal dialoq və kommunikasiya" üçün önəmli şərtlərdəndir.

Avropa Şurasının Baş katibi COP29 zamanı Azərbaycanda idi və onu hətta cənab Prezident İlham Əliyev də qəbul elədi. Bizim əlaqələrimiz haqqında, danışıqlar haqqında, konkret qarşılıqlı layihələr haqqında söhbət aparıldığı halda, Avropa Şurasının Parlament Assambleyası tamamilə bu ab-havaya, bu söhbətlərə, bu fikirlərə zidd olaraq bəyanatlar qəbul edir, müzakirələr təşkil edir, Azərbaycanı ittiham edir. Təşkilatın bir qolu həmin təşkilatın başqa qolunun nə etdiyindən xəbərsizdir. Öz daxilində "böhran yaşayan" bir qurum Azərbaycanla, eləcə də digər ölkələrlə bağlı hansısa bəyanat verə bilməz", -  deyə Səməd Seyidov qeyd edib.

AŞPA deputatları yanvarın 24-də keçirdiyi müzakirədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməyib.

Assambleya bu addımını rəsmi Bakının öz üzərinə götürdüyü "əsas öhdəlikləri" yerinə yetirməməsi, jurnalistlərin həbsi, növbədənkənar prezident seçkisini müşahidə etmək üçün quruma dəvət göndərilməməsi və Qarabağda aparılmış hərbi əməliyyatlarla əlaqələndirib.

Rəsmi Bakı bunu AŞPA-nın "qırmızı xətti" keçməsi" kimi qiymətləndirib və bir neçə ay sonra Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən 76 AŞPA üzvü "arzuolunmaz şəxs" elan olunub";- deyə S.Seyidov bildirib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər