24.04.2026, 19:29
AZ EN
24.04.2026, 12:42 254

AYB-də cəbrayıllı yazıçının 85 illik yubileyi qeyd olunub

XƏBƏRLƏR
  • Yazıçılar Birliyində istedadlı şair, yazıçı Şövkət Zərin Horovlunun 85 illik yubileyi qeyd olunub. Tədbirdə yazıçılar, şairlər, tədqiqatçılar və oxucular iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin sədr müavini Rəşad Məcid Şövkət xanımı əvvəlcə yubileyi münasibətilə təbrik etdi, sonra onun yaradıcılığının özəlliklərindən danışdı. O, bildirdi ki, Şövkət xanımı uzun illərdi tanıyır, onun hər yeni kitabını evə aparanda anası da çox sevinib: “Anam onun əsərlərini həmişə həvəslə oxuyub və yeni kitabını gözləyirdi… Şövkət xanım bu yaşda da eyni şövqlə, həvəslə yazıb-yaradır. O, incə ruhlu, gözəl şairdi, istedadlı nasirdi, Yurd, Qarabağ, Zəfərlə bağlı dəyərli əsərlərin müəllifidir”. O, bildirdi ki, bu gün həm də Şövkət xanım haqqında görkəmli söz adamlarının qələmə aldıqları yazılardan ibarət “Sözə vurulan naxışlar” kitabının da təqdimatıdır.

Rəşad müəllim çıxışının sonunda yubilyara AYB-nin fəxri diplomunu təqdim etdi. 

Sonra söz tədbirin aparıcısı tənqidçi Əsəd Cahangirə verildi. Əsəd müəllim Şövkət xanımın müxtəlif janrlarda qələmə aldığı əsərlərin istedadla yazıldığını bildirdi ki, onun romanları maraqlı, oxunaqlı və düşündürücüdür: “Şövkət xanım nədən yazırsa yazsın, onun əsas mövzusu Vətəndir".

Bütün dərdlərimdən uludu bu dərd,

Tökülən qanımla doludu bu dərd.

Gülüstan-Qarabağ yoludur bu dərd,

Yetirin siz məni Xudafərinə!

Və yaxud

Elə ağlayaram, elə ucadan,

Qalxar ürəyimdən Babək, Cavidan.

Əcdadım hay verər mənə Azıxdan

Yadıma yenə də o yerlər düşüb.

kimi şairin misralarından nümunələr gətirməklə qeyd etdi ki, Şövkət xanım M.H.Şəhriyar və S.Vurğun məktəbinin davamçısıdır.

Tənqidçi vurğuladı ki, Şövkət xanım milli şairdi, amma bununla belə o elə dünyagörüşə malikdir ki, bütün insanları duya bilir və bunu əsərlərində orjinal əks etdirir.

Tədbirdə Şövkət xanımın kitablarının redaktorları olan tanınmış qələm adamları - Adil Cəmil, Sərvaz Hüseynoğlu və Rəfael Tağızadə çıxış edərək müəllifin əsl vətəndaş yazıçı olduğundan, həmişə təzə, gənclik ruhu olan şeirləri ilə yeni nəslə nümunə olduğunu qeyd etdilər. 

“Ədəbiyyat” qəzetinin baş redaktor müavini Adil Cəmil bildirdi ki, ədəbiyyatda hər kəsin şeirdən nəsrə keçidi uğurlu olmur. Onun şeiri də, nəsri də dəyərlidir: “Şövkət xanımın sözlə davranmağı yaxşıdı, bunu da hər yazıçı bacarmır”.

Tədbirdə yazıçı Nüşabə Məmmədli, “Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədli, Yasamal rayonu MKS-nın direktoru Lətifə Məmmədova, yaçıçı, tərcüməçi Təranə Məmməd, yazıçı, ədəbiyyatşünas Mənzər Niyarlı, Əməkdar jurnalist Əntiqə Qonaq, “Təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova və başqaları çıxış edərək müəllifi təbrik edib, onun əsərlərini yüksək qiymətləndirdilər.  

Məlumat üçün bildirək ki, Şövkət Zərin Horovlu 1941-ci ildə Cəbrayıl rayonunun Horovlu kəndində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. 1977-1980-ci illərdə ailəsi ilə Əfqanıstanda yaşayıb.

O, Qarabağ mövzusunda “Arazdan gələn səslər”, “Köynək”, “Əbədiyyətə qədər”, Güney Azərbaycandakı soydaşlarımızın milli mücadiləsindən bəhs edən “Tale yolu”, vaxtı ilə Əfqanıstana mühacir etmiş qarabağlıların icma həyatını əks etdirən “Axırıncı gediş”, “Açılmamış zərf” adlı roman və pvestlərin müəllifidir.

Onun “Arazdan gələn səs” romanı 2010-cu ildə Mahmud Kaşğari adına Beybəlxalq Ədəbiyyat Fondunun mükafatına layiq görülüb və ilin romanı adını qazanıb.

Şövkət xanım bir çox şeirlər kitabı, poemalar müəllifi kimi Rəsul Rza və Mikayıl Müşfiq mükafatlarına layiq görülüb.    

Şövkət xanıma uğurlar və can sağlığı arzulayırıq.

Mina RƏŞİD

Oxşar xəbərlər