"Vətən səsi" xəbər verir ki, bu barədə “Evronyus” Amerikadakı mənbələrinə istinadən məlumat yayıb. Bildirir ki, Vaşinqton Azərbaycanla yeni strateji tərəfdaşlığını konkret infrastruktur layihələrinə çevirməyə çalışır. Bunun üçün ABŞ-ın texniki nümayəndə heyəti Bakıda “Tramp Marşrutu” layihəsi üzrə danışıqlar aparıb.
Məlumatda bildirilir ki, ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndə heyətinin Bakıya ikigünlük səfəri çərşənbə günü başa çatıb. Səfərin məqsədi iki ölkə arasında ortaq strateji infrastruktur prioritetlərini inkişaf etdirmək olub. Bu, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı imzalanmış ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının bir hissəsidir.
USTDA-nın Avropa və Avrasiya üzrə regional nümayənsədi Sara Lemminq "Evronyus"a deyib ki, Azərbaycanla yeni strateji tərəfdaşlığın inkişafı hazırkı və gələcək perspektivlər baxımından vacib rol oyanayır. Onun sözlərinə görə, Azərbaycanın strateji coğrafi mövqeyi onu Mərkəzi Asiyanı Qərblə birləşdirən Transxəzər tranzit marşrutunda əvəzolunmaz nəqliyyat mərkəzinə çevirir: "Tərəfdaşlarla əldə edilmiş razılaşmalara əsaslanaraq deyə bilərik ki, "Tramp Marşrutu" bu dəhlizi daha da vacib edəcək".
O da qeyd olunur ki, ABŞ-ın müvafiq qurumu hazırda Azərbaycanla mayeləşdirilmiş təbii qaz, mülki nüvə enerjisi, elektrik enerjisinin ötürülməsi, süni intellekt infrastrukturu, kibertəhlükəsizlik və rəqəmsal rabitə sahələrində layihələri araşdırdığını açıqlayıb.
Elxan SALAHOV