22.11.2024, 19:22
AZ EN
19.04.2023, 16:54 149

Fərid Şəfiyev: Ermənistan indi artıq münaqişədən sonrakı nizamlama üzrə məsələləri təxirə salmaq kimi köhnə taktikasına əl atıb

XƏBƏRLƏR
  • Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan edən Ermənistan, bununla yanaşı, Azərbaycanın istisnasız olaraq daxili işi olan Qarabağ erməniləri məsələsini hansısa yolla gündəliyə salmağa çalışır. Rəsmi Bakının Qarabağ ermənilərinə təhlükəsizlik və hüquq təminatı verməsinə baxmayaraq, biz yenə də erməni tərəfin sülh sazişinin imzalanması məsələsini dondurmaqdan ötrü bu məsələni hansısa beynəlxalq strukturlara daşımaq cəhdlərini yenə görürük. Digər tərəfdən, Ermənistan XİN, eləcə də erməni nümayəndə heyəti müxtəlif beynəlxalq forumlarda və beynəlxalq təşkilatlarda müharibə dövrü şəraitində, azərbaycanlı əhalinin iştirakı olmadan keçirilən və ən başlıcası Azərbaycan Konstitusiyasına zidd olan 1991-ci ilin qanunsuz referendumuna istinad edərək bildirirlər ki, guya Qarabağ müstəqil qurumdur.

Bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan lideri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatını şərh edərkən deyib.

Çərşənbə axşamı Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü “tam tanıyır” və “Ermənistan SSR-in ərazisini Ermənistan Respublikası kimi tanımaqla” Bakının da eyni addım atmasını gözləyir.

“Görünür, Ermənistan indi artıq münaqişədən sonrakı nizamlama üzrə məsələləri təxirə salmaq kimi köhnə taktikasına əl atıb. O, İkinci Qarabağ müharibəsinə qədər məhz bu cür taktikadan istifadə edirdi. Artıq 2009-cu ildə Madrid prinsipləri təsdiqləndi, lakin məhz Ermənistanın təqsiri ucbatından bu prinsiplərin icrası baş tutmadı. 2019-2022-ci illərdə erməni tərəfi faktiki olaraq bu prinsiplərdən imtina etdi. Bütün bunlar İkinci Qarabağ müharibəsinə və Ermənistanın məğlubiyyətinə gətirib çıxardı”, - deyən agentliyin müsahibi vurğulayıb ki, Azərbaycan işğal altında olan ərazilərini azad edəcəyini dəfələrlə bəyan edib və indi də hazırda Rusiya sülhməramlılarının cavabdehliyi altında olan bütün ərazilərdə Azərbaycanın inzibati nəzarətinin tam bərpa ediləcəyini bildirir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin başçısı qeyd edib ki, gündəlikdə bir neçə fundamental məsələlər durur və bunlardan ən başlıcası sülh sazişidir. O bildirib ki, daha sonra delimitasiya və nəqliyyat dəhlizlərinin açılması ilə bağlı məsələləri də həll etmək vacibdir. Son məsələ üçtərəfli Bəyanatın 9-cu bəndinə müvafiq olaraq, Ermənistanın öhdəliyidir. Bundan başqa, öz həllini tələb edən bir sıra humanitar məsələlər də var.

Erməni tərəfin münaqişədən sonrakı nizamlama prosesini ləngitmək cəhdləri məsələsinə qayıdan ekspert izah edib ki, ötən il Ermənistan Fransanı danışıqlara daxil etmək kimi tələbi ilə bu vaxtadək uğurla inkişaf edən Brüssel formatına zərbə vurub.

“Rusiya formatı çərçivəsində Ermənistan Naxçıvana gedən yolu açmaq öhdəliyini öz üzərinə götürmüşdü. Bu formata hələ 2021-ci ildə zərbə vurulmuşdu. Erməni tərəfi üçtərəfli Bəyanatın müddəalarının özünəməxsus şərhinə əl ataraq, bu yolun açılmasından imtina etdi. Nəticədə, proses donduruldu. İndi də biz eyni vəziyyəti görürük. Sülh sazişinin imzalanması prosesinə zərbə vurulub, baxmayaraq ki, müəyyən fikir və sənəd mübadiləsi mövcuddur. Ermənistan öz sənəd variantını fevralda göndərib, martda isə Azərbaycan ona cavab verib. Martın əvvəlindən bəri erməni tərəfdən cavab yoxdur”, - deyə F.Şəfiyev vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri sözünə yekun vuraraq deyib ki, Ermənistanın özü üçün hansı gələcəyi görməsi barədə fikirləşməsinə dəyər. “Etnik təmizləmə təhlükəsi və s. barədə bəyan edərkən, onların Ermənistanın özündə ermənilərin yaşamaq istəmədiyi faktına diqqət yetirmələri yerinə düşər. Bu ölkədə əhalinin kütləvi axını müşahidə olunur, demoqrafik vəziyyət pisləşir. Bəs Ermənistana kim rəhbərlik edir? Elə ermənilərin özləri. Buna görə də üçüncü tərəfdə, üçüncü ölkədə günah axtarmaq lazım deyil. Ermənistan iqtisadiyyatı təcrid olunub və əgər o, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmasa, o halda belə vəziyyətdə qalacaq. Bu isə yalnız sülh sazişi, mehriban qonşuluq əlaqələri qurmaqla, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü prinsiplərinin və suverenliyinin tanınması vasitəsilə mümkündür. Buna görə də təcrid şəraitində Ermənistanın gələcəyi sual altındadır”, - deyə ekspert sonda bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər