Bu sözləri Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidze söyləyib.
Ulu Öndər Heydər Əliyevlə bağlı fikirlərini bölüşən keçmiş səfir deyib: “Çox xoşbəxtəm ki, Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda səfir işləmək mənə nəsib olub. Heydər Əliyevlə işləmək çox böyük məsuliyyət tələb edirdi, həm də qürurverici idi. Biz istər dövlətçilik, istərsə də qonşuluq, dostluq sahələrində ondan çox şey öyrəndik. Bu gün mən Heydər Əliyevin necə dahi və təcrübəli siyasətçi, şəxsiyyət olmasından yüksək ehtiram hissi ilə iftixarla danışa bilərəm”.
Diplomatın sözlərinə görə, Heydər Əliyev hər zaman Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi məsələlərin həllinə xüsusi diqqət yetirib. O, daim Gürcüstana dəstək olub. Buna görə də qədirbilən gürcü xalqı tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevi çox sevir və daim hörmətlə xatırlayır.
“Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb. O, ölkəsinin maraqları naminə bütün problemləri tez bir zamanda həll etməyə qadir şəxsiyyət kimi, habelə ünsiyyət zamanı öz səmimiyyəti və davranışı ilə insanı valeh edirdi”, - deyən Zurab Qumberidze bildirib ki, Heydər Əliyevin Gürcüstan haqqında səmimi sözlərini çox eşidib: “Heydər Əliyev ölkəmizdə sülhün və stabilliyin bərqərar olmasında daim bizə dəstək olmuşdur. O, Gürcüstanı tarixən Azərbaycana dost ölkə hesab edirdi. Yadımdadır, 1988-ci il fevralın 25-də Eduard Şevardnadzenin 70 illik yubileyinin keçirilməsi nəzərdə tutulurdu. Yubiley ərəfəsində Heydər Əliyevin Gürcüstana səfər edəcəyi barədə söz-söhbət gəzirdi. Tədbirlərin birində cürət edib bu barədə onun planlarını öyrənməyə çalışdım. Heydər Əliyev gülümsəyərək mənə dedi: “Dostumun yanına gedirəm, bunun heç kimə aidiyyəti yoxdur, xüsusilə səfirliyə...”. Heydər Əliyev nümayəndə heyəti ilə Gürcüstana səfər etdi, Şevardnadzenin yubiley tədbirinə qatıldı. Onlar uzun zaman öz keçmiş xatirələrini bölüşdülər. Bu hadisə Heydər Əliyevin dostlara və həmkarlarına olan xoş münasibətinin bariz nümunəsidir”.
Onun sözlərinə görə, həmin dövrdə prezidentlər Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl bir çox ortaq iqtisadi problemlərin həllində müstəsna rol oynayıblar. Xəzər dənizindən Qara dənizədək qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı və həyata keçirilməsində, Azərbaycanın Avropada etibarlı tərəfdaşa və regionun lider dövlətinə çevrilməsində məhz Heydər Əliyevin böyük rolu olub.
Z.Qumberidze deyib ki, Gürcüstan daim Azərbaycanın ən etibarlı dostu olaraq qalacaq: “Heydər Əliyev çətin problemlərin həllində qərar vermək bacarığına malik bir şəxsiyyət, böyük azərbaycanlı olaraq daim yaddaşımdadır. Şəxsi münasibətdə çox mülayim və sadə olan bu görkəmli şəxsiyyət, həmçinin Gürcüstanla dostluğa çox önəm verən, sözün əsl mənasında, gürcü xalqına böyük hörmət və ehtiramla yanaşan siyasi xadim idi. Prezident İlham Əliyev bu gün Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Mən deyərdim ki, Prezident İlham Əliyev Ümummilli Liderin yaratdığı dövlətin daha da qüdrətlənməsində böyük siyasi rol oynayan rəhbərdir”. (AZƏRTAC)