Bakı Dövlət Universiteti tarix fakültəsinin “Qafqaz xalqları tarixi” kafedrasının müəllimi Ülkər Məmmədzadənin bu günlərdə çapdan çıxmış elmi monoqrafiyası “Qafqazda liderlik qərinəsi: Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyev” adlanır.
Müəllifin kitabı mükəmməl elmi və tarixi tədqiqatları ilə diqqət çəkir. Monoqrafiyada Ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri – Azərbaycan Respublikasının Cənubi Qafqazda və bütövlüklə regionda lider dövlətə çevrilməsinin əsasları, regional liderlik problemləri, dünya siyasi arenasında böyük siyasi rəhbərin fəaliyyəti geniş şərh edilmişdir.
Bundan başqa, elmi monoqrafiyada Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin lider dövlət kimi inkişaf etməsində fəaliyyətinə geniş yer verilmişdir.
Monoqrafiyada “Qafqazda formalaşmış yeni geosiyasi şəraitdə Azərbaycanın yeri”, “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində İlham Əliyevin rolu”, “Post-müharibə dövründə sülh danışıqları və Qarabağ İqtisadi Zonasında quruculuq fəaliyyətinin iqtisadi əsasları”, “Dünya dövlətləri ilə strateji əməkdaşlığın formalaşmasında İlham Əliyev siyasətinin möhtəşəmliyi” və bütün bu fəaliyyətin məntiqi əsası kimi, ölkəmizin davamlı inkişafının təşkil olunmasında İlham Əliyev iradəsinin, onun yaratdığı siyasi reallığın dünya ictimaiyyəti və siyasi dairələrində qəbul edilməsi kimi məsələlər yer alır.
Hazırladı: Mina RƏŞİD