25.11.2024, 01:11
AZ EN
11.06.2023, 08:15 246

Mahir siyasi gedişlər ilə Ulu Öndər Azərbaycan xalqını və dövlətini fəlakətdən qurtardı

XƏBƏRLƏR
  • Ciddi dönüş məqamlarında, mürəkkəb böhran şəraitində xalqların gələcək taleyi bir çox halda düzgün qəbul edilmiş bir qərardan, xilaskar bir şəxsin zəka və iradəsindən asılı olur. Yalnız Tanrı tərəfindən seçilmiş və fövqəl bacarıqlı lider belə təhlükəli və məsul məqamda mənsub olduğu xalqın taleyini müəyyənləşdirir. Bununla fəlakət sovuşur, tarixin gedişatı xalqın maraqlarına uyğun davam edir.

Otuz il əvvəl yenicə müstəqillik qazanmış Azərbaycan xalqının tarixi taleyində belə bir müstəsna rolu Ümummilli Lider, dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyev oynadı. Ulu Öndərin bu xilaskarlıq missiyası ilə müstəqillik tariximizə Milli Qurtuluş Günü yazıldı.

XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan o fəlakətli günlərdə azadlığa qovuşmaq sevincini yaşamadan dövlət olaraq məhv olmaq təhlükəsi altında idi. Dünyanın şər imperiyaları, fatehləri ilə savaşlardan çıxmış və milli varlığını qoruyub saxlamış Azərbaycan xalqı müstəqilliyinin ilk illərində xəyanətkarlıq və naşı idarəçilik səbəbindən müstəqilliyini itirmək həddinə gəlib çatmışdı. Torpaqlarımız işğal olunur, insanlar yurd-yuvasından didərgin düşür, dövlət parçalanır, vətəndaş qarşıdurması milli fəlakətə sürükləyirdi.

Bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O bildirib ki, kütləvi xaos və anarxiyadan çıxış yolu qüdrətli Heydər Əliyev şəxsiyyətinin hakimiyyətə qayıdıb milli birliyi və sabitliyi təmin etməsi ilə bağlı ümumxalq gözləntisi idi. Bu ictimai rəy tarixin hökmünə çevrildi. Ümummilli Liderin 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlməsi və iyunun 15-də parlamentin sədri seçilməsi ilə dövlətçiliyimizə qarşı təhlükə sovuşduruldu. Nadir idarəçilik bacarığı, mahir siyasi gedişlər ilə Ulu Öndər qısa zamanda Azərbaycan xalqını və dövlətini fəlakətdən qurtardı.

Əslində, Heydər Əliyev Azərbaycanın qurucu və yurdsevər lideri olduğunu keçmiş ittifaq dönəmində çoxcəhətli fəaliyyəti ilə xalqın yaddaşına həkk etmişdi. Azərbaycana ilk dəfə rəhbərlik etdiyi illərdə Heydər Əliyev ölkəmizin sovet məkanında ön cərgəyə çıxarmaqla yanaşı, özünün mükəmməl rəhbər bacarığını da təsdiq etmişdi. Məhz həmin illərdə iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, elm sahələrində baş verən intibah Heydər Əliyevin yeni şəraitdə bu uğurları davam etdirməyə qadir yeganə lider olduğunu da diqtə edirdi.

90-cı illərin siyasi burulğanında bəzi siyasətbazların “meydan qəhrəmanı”na çevrilməsinə baxmayaraq, xalq ölkəmizin dövlət müstəqilliyinin qorunmasını yalnız Heydər Əliyevin təmin edəcəyini yəqin etmişdi. Ağır siyasi şəraitdə hakimiyyətə gəlmiş Heydər Əliyevin zəka və iradəsi bu missiyanı gerçəkləşdirməyə imkan verdi. Ulu Öndərin bu dövrdə gördüyü möhtəşəm işlər bütövlükdə dünya siyasi tarixində möcüzəli islahatlar sayılır.

“Əsrin müqaviləsi”nin imzalanması, müstəqil Azərbaycanın Konstitusiyasının qəbul olunması, parlament seçkilərinin keçirilməsi, siyasi-hərbi anarxiyaya son qoyulması müstəqilliyin əsaslarını möhkəmləndirdi. Bir sözlə, böhran məngənəsindən xilas etdiyi dövləti Prezident Heydər Əliyev qısa müddətdə inkişaf və tərəqqi yoluna çıxartdı.

Dahilərdən birinin qeyd etdiyi kimi, torpaq o zaman vətənə çevrilir ki, milli ruhla canlanmış olsun. Hələ sovetlər dönəmində liderlik fəaliyyəti ilə böyük siyasət ustası Heydər Əliyev Azərbaycanın gələcək müstəqillik konsepsiyasının bir çox maddələrini öz əməlləri ilə yazmışdı. Respublikanı yabançılıqdan özünüdərkə, gerilikdən intibaha doğru aparan Heydər Əliyev əsl milli rəhbər olduğunu xalqın ruhuna uyğun qərarları ilə sübut etmişdi. Ulu Öndər açiq-gizli formalarda azərbaycançılıq məfkurəsi konsepsiyasını canlandırmaqla şanlı tariximizi, dilimizi, adət-ənənələrimizin unutdurulmasına imkan vermədi, bizə doğma bir Vətən yaratmışdı.

Deputat sonda qeyd edib ki, müstəqilliyimizi itirilmək təhlükəsindən xilas etməklə liderlik borcunu yerinə yetirən Heydər Əliyev bizə azad olmağı, insan kimi yaşamağı öyrətdi, hər birimizə azərbaycanlı olmağın xoşbəxtliyini, qürurunu yaşatdı.

Bütün bunlar bir daha hamımıza anladır ki, 30 il əvvəl taleyimizə yazılmış 15 iyun Milli Qurtuluş Günü xalqımızın azadlıq erasının başlanğıcıdır. 1918-ci ilin 28 mayı itirilmiş dövlətçiliyimizin yenidən qazanılması, azadlığımızın bəyanı günü olduğu kimi 1993-cü ilin 15 iyunu da bərpa edilmiş müstəqilliyin xilası, qorunub saxlanması, gələcək qüdrətli Azərbaycanın təməlinin qurulduğu gündür. Azadlığımız, qurtuluşumuz mübarək olsun. (AZƏRTAC)

Oxşar xəbərlər