Bu fikirləri iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adını daşıyan nəvəsi, polis general-mayoru Həzi Aslanov söyləyib.
Bildirib ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident Sərəncamında qeyd edildiyi kimi, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə, yeni minilliyə məhz Heydər Əliyevin zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Ulu Öndər bütün fəaliyyəti dövründə xalqımızın qəhrəmanlıq tarixinin öyrənilməsinə, təbliğinə böyük önəm verib, sərkərdə və igid oğullarımızın təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində adlarının əbədiləşdirilməsi üçün böyük səylər göstərib.
Milli Azərbaycan diviziyalarının şərəfinə Taqanroqda, Simferopolda, Belqradda və digər şəhərlərdə abidə-komplekslərinin yaradılması, Mehdi Hüseynzadə, Rixard Zorgenin abidələrinin ucaldılması, neçə-neçə qəhrəmanın ev muzeyinin təşkili və bu kimi bir çox təşəbbüslər məhz Ulu Öndər Heydər Əliyevə məxsusdur.
“Yaxşı yadımdadır, keçən əsrin 70-ci illərindən başlayaraq respublikamızda 9 May – Qələbə Gününə həsr olunmuş tədbirlərə iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun məzarüstü abidəsinin qarşısında keçirilən mərasimlə start verilərdi. Müharibə veteranları, ictimaiyyət nümayəndələri, respublikamıza gələn mötəbər qonaqlar, hərbi xadimlər buraya toplaşar və Ulu Öndəri gözləyərdilər. Ulu Öndər Həzi Aslanovun məzarını ziyarət edərək önünə əklil qoyar, hərbçilər fəxri keçid edər və Heydər Əliyev veteranlarla, qonaqlarla, eləcə də görkəmli sərkərdənin ailə üzvləri ilə görüşər, xatirə şəkilləri çəkdirərdi.
İndi həmin görüşlərdən ailə arxivimizdə yüzlərlə fotoşəkil yadigar qalıb. Hər şəkil bir xatirə, hər xatirə isə unudulmaz bir tarixdir”, - deyə H.Aslanov qeyd edib.
O, minnətdarlıqla bildirib ki, Ulu Öndər Heydər Əliyevin, həm də dövlətimizin başçısı İlham Əliyevin sərəncamları ilə Həzi Aslanovun yubileyləri dövlət səviyyəsində qeyd olunub.
Generalın general nəvəsi onu da xatırlayıb ki, hər il 8 Mart Beynəlxalq Qadınlar Günündə Heydər Əliyev Həzi Aslanovun həyat yoldaşı Xavər xanıma gül dəstəsi göndərər və telefon açaraq şəxsən onu təbrik edərdi.
Həzi Aslanovun övladları Tofiq və Arif Aslanov həmişə Heydər Əliyevdən diqqət və qayğı görər və belə bir müdrik, xeyirxah, dahi insanın rəhbərliyi altında Vətənə xidmət etməkdən böyük qürur duyardılar.
“Heç yadımdan çıxmır. 7-ci sinifdə oxuyurdum. Yenə də ailəmizlə birlikdə Həzi Aslanovun məzarı qarşısında keçirilən mərasimə gəlmişdik. Əklilqoyma mərasimindən sonra Ulu Öndər bizimlə də görüşdü. Mənə sual verdi ki, böyüyəndə nəçi olmaq istəyirsən? Mən özümü itirdim, cavab verməkdə çətinlik çəkdim. Mehriban, qayğıkeş Heydər baba saçlarımı sığalladı və Həzi Aslanovun büstünü göstərərək “Baban kimi general olacaqsan. Mən buna əminəm”, - dedi. O vaxtdan uzun illər keçdikdən sonra yenə də Həzi Aslanovun məzarı önündə tədbir var idi. Ulu Öndərin ənənələrini uğurla davam etdirən prezident İlham Əliyev ziyarətə gəlmişdi. Mən artıq general idim. Möhtərəm Prezidentimiz ailəmizə tərəf gələndə mən qarşıya çıxaraq “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, mən Sizə minnətdaram və fəxr edirəm ki, Ulu Öndər Həzi Aslanovun oğlunu, Ulu Öndərin oğlu isə qəhrəmanın nəvəsini “general-mayor” ali rütbəsinə ucaltdı”, - deyə məruzə etdim. Prezidentin üzü gülürdü.
Əmim və atam da həmişə nəvə-nəticələrinə deyərdi ki, Həzi Aslanov soyadının məsuliyyətini daim hiss etməli və Ulu Öndərin bu etimadını Vətənə layiqli xidmətlərinizlə doğrultmalısınız.
Bu gün bizim Aslanovlar ailəsi yenə də xalqımızın böyük oğlu Heydər Əliyevin ideyalarına sadiqdir, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasına xidmət etməkdən böyük qürur duyur”, - deyə general bildirib.
Aslanovlar ailəsinin arxivində əziz xatirə kimi qorunub saxlanılan fotoşəkillərdən bir qismini təqdim edirik. (AZƏRTAC)