22.11.2024, 08:47
AZ EN
12.04.2023, 20:55 213

Paşinyan son təxribatı Ermənistan ordusunun törətdiyini dolayısı yolla etiraf edib

XƏBƏRLƏR
  • Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat İrəvanda xaotik proseslərin məntiqi nəticəsidir. Artıq idarə olunmayan və daxili ziddiyyətlərlə silkələnən bu ölkənin sülhü və təhlükəsizliyi təmin etmək istiqamətində hər hansı məntiqli addım atacağı da inandırıcı görünmür.

Aprelin 12-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə növbəti anormal bəyanatla çıxış edib. O iddia edib ki, əslində, 44 günlük müharibənin məqsədi Qarabağ deyil, Ermənistanın suverenliyinə qəsd imiş. Dünənki təxribatı dolayısı ilə öz ölkəsindəki “beşinci kolonun” törətdiyinə işarət edən Paşinyan bildirib ki, təhlükəsizlik xidməti bu məsələ ilə ciddi məşğul olmalıdır. Baş nazir bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin tərkibində xarici ölkələrin agentlərinin olması istisna edilmir. “Məsələn, yüksək rütbəli zabit orduda təşviş yaradır və tabeliyində olanlara döyüş mövqelərini tərk etməyi tapşırır. Bu cinayətlərin motivlərini aşkar etmədən vəziyyəti izah etmək olmaz. Deməli, bu zabitlərin komandirləri ilə yanaşı, onların yuxarıdan əmr aldıqları daha bir instansiya var”, -deyə Paşinyan əlavə edib.

Bu çıxışdan məlum olur ki, Ermənistan ordusu təxribatçı qüvvələrin əlindədir və hətta baş nazirin nəzarət edə bilmədiyi bu zabitlər regionda hər an gərginliyi artıra bilərlər. Paşiniyanın bu etirafı, əslində, İrəvanda hakimiyyətə tabe olmayan müdafiə və təhlükəsizlik qüvvələrinin mövcudluğunu sübut edir. Təəccüb doğuran daha bir fakt ondan ibarətdir ki, öz ölkəsini və ordunu idarə edə bilməyən hökumət başçısı hələ də demokratik dəyərlər və inkişafdan dəm vurur.

Aprelin 12-də Ermənistan prezidentinin sərəncamı ilə təhlükəsizlik xidmətinin sərhəd qoşunları komandanı Arman Malaçyanın tutduğu vəzifədən azad olunması da İrəvanda getdikcə dərinləşən daxili ziddiyyətlərdən xəbər verir. Parlamentdə çıxış edən xarici işlər naziri Ararat Mirzoyan isə bəyan edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün beynəlxalq təminat lazımdır. Baş nazirdən sonra çıxış edən xarici siyasət idarəsinin rəhbəri anlamalıdır ki, Ermənistan bu təminatı tələb etməzdən əvvəl öz daxilindəki xaosa son qoymalıdır.

Təəccüb doğuran daha bir fakt aprelin 11-də Ermənistan ordusunun törətdiyi təxribat zamanı bu ölkədə olan Avropa İttifaqının müşahidə missiyasının yoxa çıxmasıdır. Aİ-nin mətbuat xidmətindən bildiriblər ki, “missiya öz mandatı çərçivəsində Tex və Kornidzor kəndləri ərazisində patrul fəaliyyətini həyata keçirir, lakin insidentin baş verdiyi saatlarda həmin yerdə olmayıb. Missiyanın üzvləri yalnız gecəyarısı atışma barədə məlumat alıblar”. Bu bəyanatdan belə bir qənaət hasil etmək olar: Paşinyanın təbiri ilə desək, Ermənistan ordusunun hakimiyyətə deyil, sirli qüvvələrə tabe olan zabitləri Aİ-nin missiyasının rəhbəri ilə gizli əlaqəyə girərək təxribat törədiblər.("AZERTAC")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR