10.10.2025, 01:01
AZ EN
23.09.2025, 09:51 274

Erməni deputat: "Petrosyan həmişə cəfəngiyyat danışıb"

XƏBƏRLƏR
  • “Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sülh gətirəcəyinə həmişə şübhə etmişəm. Onun Qarabağ münaqişəsinin həlli və Azərbaycanla münasibətlərin normallaşması barədə söylədiyi fikirlər həmişə cəfəngiyyat olub - keçmişdə də, indinin özündə də".

"Vətən səsi" xəbər verilir ki, bunu Ermənistan parlamentinin deputatı Mariya Karapetyan deyib. O, keçmiş prezidentin "Facebokk" səhifəsində sülh razılaşması barədə yaydığı məlumatları da "cəfəngiyyat" adlandırıb: “Levon Ter-Petrosyanın səhifəsində bəzi cəfəngiyyatlar dərc olunub. Bununla belə, 2017-ci ildə sülh gündəliyinə səs verdiyim üçün peşman deyiləm. Mən həmişə şübhə edirdim: Kilikiya haqqında xəyallarla yaşayan və ona qarşı olanları “tatar-monqol” adlandıran siyasi düşüncə bizə çətin ki, sülh gətirsin. Amma sülhü dəstəkləmək lazım olanda o, bunu etmədi".

Vaşinqton razılaşmasından sonra siyasi səhnədə bir az da fəallaşan Levon Ter-Petrosyan hazırkı Baş naziri ən sərt tənqid edən müxalif lider kimi çıxış edir. O, "Facebook" səhifəsində Baş nazir Nikol Paşinyanı Ermənistanın dövlət maraqlarını öz hakimiyyətinə qurban verməkdə ittiham edib. Keçmiş prezident öz paylaşımında açıq şəkildə Cənubi Qafqazda sülhə qarşı çıxaraq, bunun ölkəsinin əleyhinə olduğunu qeyd edib: "Nikol Paşinyan Ermənistanı müstəqil görmək istəmir. Ona görə də dövlət müstəqilliyinin ildönümü Paşinyan üçün bayram deyil. Paşinyan Ermənistanın müstəqilliyinə nifrət edir, çünki müstəqilliyi Ermənistan o yox, başqaları qazandırıb”.

Petrosyanın həmin paylamışı Ermənistandakı ictimai dairələrdə, xüsusilə də sosial şəbəkələrdə böyük mübahisələrə səbəb olub. Müxalifətçilərdən fərqli olaraq, böyük əksəriyyət Paşinyanın yürütdüyü siyasəti, o cümlədən Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, rəsmi Bakının davamlı sülhə nail olmaq üçün irəli sürdüyü təklifləri qəbul etməsini dəstəkləyib.

Xatırladaq ki, Levon Ter-Petrosyan 1991-ci ilin noyabrından 1998-ci ilin fevralınadək Ermənistan Respublikasının prezidenti olub. O, hakimiyyətdən istefa yolu ilə uzaqlaşdırılıb. İstefa verməyə məcbur edilməzdən əvvəl yazdığı məşhur məqalədə Ermənistanın Qarabağ məsələsində əvvəl-axır güzəştlərə getməli olduğun demişdi. Məhz həmin məqalə Ter-Petrosyanın istefasına səbəb oldu. İstefadan sonra uzun müddət siyasətdən uzaqda qalan Petrosyan Matenadaranda elmi işçi kimi çalışıb. 2007-ci ildə İrəvana qayıdaraq müxalifətin təşkil etdiyi mitinqdə çıxış edərək yenidən prezident olma istədiyini açıqlayıb. Həmin çıxışında o, prezident Robert Köçəryanı sərt tənqid edirərək onun hakimiyyətini "erməni xalqına şərəf gətirməyən, alçaldıcı və cinayətkar" adlandırıb. Lakin 2008-ci ilin fevralında keçirilən prezident seçkilərində Serj Sarkisyan qalib gəlib. Ter-Petrosyanın lideri olduğu müxalifət seçkilərin total saxtalaşdırma şəraitində keçdiyini bəyan edərək nəticələri tanımayıb. Buna görə də İrəvanda kütləvi etiraz aksiyalarına başlayıb. Həmin il martın 1-də Petrosyan və tərəfdarlarının keçirdiyi mitinqi dağıdılıb, kütləvi iğtişaşlar zamanı 8 nəfər həlak olub, 130 nəfər yaralanıb. Qanlı iğtişaşlardan sonra uzun müddət səssizliyə çəkilən Petrosyan son bir neçə ildə hakimiyyətə qarşı müxalifdə dayanıb. Bu, onun müxalifətçi kimi üçüncü cəhdidir. İndi 80 yaşı olan keçmiş prezident hazırkı hakimiyyətə qarşı sərt mövqedə olan qruplaşmalardan birinin rəhbəri kimi tanınır.

Elxan SALAHOV

Oxşar xəbərlər