27.10.2025, 16:45
AZ EN
09.07.2025, 17:45 181

Ermənistanda Rusiya əleyhinə etirazlar başladı

XƏBƏRLƏR
  • Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin binası qarşısında Rusiya telekanallarının yayımının dayandırılması tələbi ilə etiraz aksiyası keçirilib.

"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, aksiyanın təşkilatçısı “Respublika Naminə” fraksiyası olub. Fraksiyanın sədri Arman Babacanyan bildirib ki, Rusiya telekanalları Ermənistanı hibrid müharibənin tərkib hissəsi adlandıraraq təhqir edir. Onun sözlərinə görə, Rusiyanın siyasəti Ermənistanın dövlətçiliyini aradan qaldırmağa yönəlib.

Partiyanın sədr müavini Ruben Mehrabyan isə hökuməti “Sputnik Ermənistan”ın da fəaliyyətini qadağan etməyə çağırıb.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts da Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, bu telekanallar tərəfindən yayılan məzmun Ermənistanın təhlükəsizliyinə təhdid yaradır.

Etirazçılar "Düşmən dalğalarına yox”, “Rus nifrət nitqinə yox”, “Rus təbliğatına yox”, “Rus zəhərinə yox”, “Rusiya, sus” kimi şüarlar səsləndiriblər.

Xatırladaq ki, son aylar Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması geniş müzakirə olunsa da, bununla bağlı hələ konkret qərar qəbul edilməyib. Ermənistan parlamentinin spikeri Alen Simonyan bu yaxınlarda jurnalistlərə açıqlamasında demişdi ki, əgər Rusiya telekanalları Ermənistanın daxili işlərinə qarışırsa, o zaman İrəvan da adekvat reaksiya verməli və ən azı onların ölkə ərazisində yayımını bloklamalıdır.

Bundan bir qədər əvvəl isə rəsmi İrəvan Moskvaya nota göndərərək Rusiyanın bir sıra dövlət rəsmilərinin erməni əsilli rusiyalı biznesmen, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyanın həbsi ilə bağlı açıqlamalarını respublikanın daxili işlərinə müdaxilə kimi qiymətləndirmişdi.

Elxan SALAHOV

Oxşar xəbərlər