Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İctimai telekanala müsahibəsində bildirib.
“Bu, Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı qoşunlarıdır. Əgər Qarabağı tərk etsələr, Rusiyaya qayıtmalıdırlar”, - o, jurnalistin sülhməramlıların Ermənistanda yerləşdirilməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.
Sənəd sülhməramlıların yerləşdirilməsinin Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq həyata keçirilməsini nəzərdə tuturdu. Kontingentin xidmət müddəti 5 il təşkil edir. Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti avtomatik olaraq daha 5 il uzadılmış sayılacaq. (Report)