"Vətən səsi" xəbər verir ki, bunu erməni jurnalist Natali Aleksanyan "Bizim.Media"ya açıqlamasında bildirib. O, qeyd edib ki, Ermənistan konstitutsiyasında qonşulara qarşı ərazi iddialarının olduğunu sirr deyil: "Amma indi normal münasibətlərin qurulması üçün yeni qanunlara ehtiyac var. Söhbət təkcə idarəetmə modelindən deyil, ilk növbədə xarici siyasət və ərazi məsələlərinə dair yanaşmalardan gedir. Ermənistan hazırkı konstitutsiyası həm birbaşa, həm də dolayı mənada keçmişin revanşist yanaşmalarını daşımağa davam edir. Bu, Ermənistanın sülh yolu ilə inkişafı istiqamətində tam inteqrasiyasına mane olur. Halbuki Ermənistanın həqiqi milli marağı münaqişə səhifəsini çevirmək və bütün qonşuları, o cümlədən Azərbaycan və Türkiyə ilə etibarlı tərəfdaş olmaqdan ibarətdir”.
Erməni jurnalist mövcud reallıqlara əsaslanaraq deyib ki, konstitutsiya dəyişməsə, sülh olmayacaq: “Son illərdə, xüsusən 44 günlük müharibədən sonra mövcud konstitusiya ilə davamlı sülh qurmağın mümkünsüz olduğu aydın şəkildə üzə çıxıb. Beynəlxalq hüquq baxımından əgər hər hansı dövlətin əsas qanunu ərazi iddiaları kimi şərh oluna bilirsə, həmin dövlətə etimad ciddi şəkildə azalır. Bu, sadəcə nəzəriyyə deyil, münasibətlərin tənzimlənməsinə, sərhədlərin açılmasına, regional əməkdaşlığa və iqtisadi layihələrin reallaşdırılmasına birbaşa təsir edən amildir”.
Xatırladaq ki, Nikol Paşinyan ötən həftə Albaniyada səfərdə olarkən Azərbaycanın İctimai Televizyasının əməkdaşına verdiyi açıqlamada Ermənistan konstitusiyasında qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirmişdi: "Bizim Azərbaycana qarşı ərazi iddiamız yoxdur və bütün məsələlər qarşılıqlı hörmət əsasında həllini tapmalıdır".
Elxan SALAHOV