13.09.2025, 19:48
AZ EN
01.05.2025, 09:53 175

Koçaryan Paşinyanı ittiham etdi: "Vasitəçi kreslosunu Rusiyanın altından çəkdilər"

XƏBƏRLƏR
  • “Bu müharibə olmamalı idi, bu müharibəni biz ermənilər, Ermənistan hökuməti təhrik etdi”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan Ermənistan Universitetinin tələbələri və müəllimləri ilə görüşündə deyib. O, 44 günlük müharibəni və Qarabağın erməni işğalından azad edilməsini nəzərdə tutaraq, bunu Paşinyan hakimiyyətinin siyasi savadsızlığı və hərbi bacarıqsızlığı ilə əlaqələndirib: “Bəli, danışıqlarda uğursuzluğa düçar olduq. Çünki Paşinyan və onun komandası məsuliyyətsiz bəyanatlar verdilər, Türkiyənin Azərbaycanı bütün gücü ilə dəstəkləməsi üçün hər şeyi etdilər. Həmin səs-küylü bəyanatların nəticəsini gördük. Amma indi belə çıxır ki, hamımız günahkarıq”

Robert Koçaryan iddia edib ki, onun prezidentliyi dövründə Ermənistan ordusu Azərbaycan ordusundan güclü olub. O, əlavə edib ki, Rusiya Qarabağ münaqişəsinin nizamlanma prosesindən kənarlaşdırılmasaydı nəticə Ermənistanın xeyrinə başa çatacaqdı: "Rusiyanı nizamlanma prosesindən Paşinyan hakimiyyəti kənarlaşdırdı. Ermənistanın hazırkı hakimiyyətinin hansı addımlar atdığını təsəvvür edirsinizmi? Qarabağda  2000 nəfərlik rus qoşunu vardı, onlar təhlükəsizliyi təmin edirdi və müəyyən vaxta qədər öz işini yaxşı görürdü. Amma Ermənistan lideri Praqada “Mən “artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıyıram” bəyanatını verəndən sonra hər şey dəyişdi, vasitəçi kreslosunu Rusiyanın altından çəkdilər. Rusiya belə rəftar edilə biləcək ölkədir? Ona görə də ruslar dedilər “bu sən, bu Qarabağ, bu da Azərbaycan, gedin bir-birinizlə danışıq aparın.” Məhz belə səhvlərə görə Ermənistan uduzdu".

Keçmiş prezident hazırkı Baş naziri Rusiyanı Qərbin maraqlarına qurban verməkdə də qınayıb. O, qeyd edib ki, Paşinyan hökumətinin beynəlxalq siyasəti Ermənistanı həm də iqtisadi sahədə uçuruma aparır: "Bu yaxınlarda BMT anti-Rusiya qətnaməsinə səs verdi. ABŞ qətnamənin əleyhinə, Ermənistan lehinə səs verdi. Bu gün ticarət dövriyyəmizin 60 faizə qədəri Rusiyadan gəlir. Mənim vaxtımda Avropa İttifaqı ilə ticarət xarici ticarət dövriyyəsinin təxminən 22-24 faizini təşkil edirdi. İndi cəmi 6-7 faizdir. Rusiya ilə ticarət o vaxt 25 faiz idisə, indi 55-60 faiz təşkil edir. Başa düşmürsünüz ki, belə bir addımdan sonra altından çıxa bilməyəcəyiniz problemlər yarana bilər?”

Elxan SALAHOV

 

Oxşar xəbərlər