"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin yaydığı rəsmi məlumatda deyilir ki, Papikyan sərhəd zonasında “cəbhə bölgəsini” gəzib. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycanla sərhədi bölgəsini hələ də müharibənin getdiyi cəbhə ərazisi kimi qəbul edir.
Qeyd olunur ki, Papikyan sərhəd bölgəsində yerləşən döyüş mövqelərinə baş çəkərkən hərbçilərə döyüş tapşırıqları da verib.
Yeri gəlmişkən, son vaxtlar Kəlbəcər və Naxçıvan istiqamətində erməni təxribatının intensivləşməsi fonunda Papikyanın Azərbaycanla sərhədə gəlməsi və döyüş tapşırıqları verməsi geniş müzakirələrə səbəb olub. Bu fakt Ermənistan yeni hücumlara hazırlaşmasının anonsu kimi dəyərləndirilir. Siyasi təhlilçilərin fikrincə, rəsmi İrəvanın yeni hücum hazırlığında olması istisna edilməməlidir. Son bir ildə Fransa, Hindistan, İran və digər ölkələrdən Ermənistana silah daşınması hallarının intensiv xarakter alması da bu ehtimalı artırır.
Xatırladaq ki, Fransa Ermənistana 12 ədəd SEZAR artilleriya qurğusunu, onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri verib. Bundan başqa, Ermənistan R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə raket sistemləri, 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və ABŞ-ın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri də əldə edib.
İranın da Ermənistanın silahlandırılmasında payı və böyük əməyi var. Təkcə bir fakt gizli deyil ki, Hindistandan Ermənistana verilən bütün silahlar da məhz İran üzərindən daşınıb.
Elxan SALAHOV