Verilişdə ilahiyyatçı Aşot Hunayanın “Öncəgörmə və bəsirət” kitabında daşnak erməni silahlı dəstələrinin 1918-20-ci ildə Göyçədə törətdikləri faciələri etiraf etməsindən, 1918-ci ildə Vardenisin qəhrəmancasına özünümüdafiəsi zamanı üç atlının möcüzəsindən, eləcə də erməni tarixçisi Anahit Lalayanın 1936-cı ildə “Revolyusionnıy Vostok” jurnalında daşnak zabiti Vahramın Basarkeçərdə törətdiyi vəhşiliklərdən bəhs olunur.
Bildirilib ki, müəllif Göyçə mahalının yerli əhalisinin türklər olduğunu, bu ərazini daşnakların Qərbi Azərbaycanda qurulan Ararat dövlətinə tabe etdirmək üçün törədilən amansız soyqırımı əməllərini açıq etiraf edir: “Göyçə mahalı Ararat Respublikasının elan olunmuş ərazisinə daxil deyildi. Amma erməni silahlı dəstələri 1918-ci ilin martından başlayaraq bütün Güney Qafqazda qətliamlar törədərək, öz gələcək dövlətləri üçün ərazi boşaldırdılar. Zəngəzur, Dərələyəz, Vedi, Zəngibasar mahalları kimi, Göyçəni də azərbaycan türklərindən təmizləmək məqsədində sadə gerçək dururdu”.
Vurğulanıb ki, daşnaklar Göyçənin Basarkeçər nahiyəsinə hücuma keçərək azərbaycanlılar yaşıyan Böyük Məzrə, Qızılvənq, Şahab, Subatan, Zağalı kəndlərinin əhalisini qətlə yetirdilər: “1919-cu il fevralın 28-də Zod və ətraf kəndlərin əhalisindən zorla vergi almaq istəyən Siliko və Xaçaturovun daşnak dəstəsi müqavimətlə rastlaşdı və qəzəblənən göyçəlilər tərəfindən öldürüldülər. Daşnakların niyyəti Zod aşırımını ələ keçirməklə həm burdakı qızıl yatağını tutmaq, həm də Qarabağda yaşayan ermənilərlə birləşmək idi. 1918-1920-ci illərdə Göyçənin işğalına qarşı Məşədi İsa, Səməd ağa Kəsəmənlinin, Cığal Həsənin, Topal Orucun, Məşədi Hümbətin dəstələri də igidliklə vuruşdular. Sovet hakimiyyəti qurulandan sonra daşnaklar bolşevik libası geyinib, öz cinayətlərini davam etdilər”.
Sonda vurğulanıb ki, 1918-20-ci illərdə niyyətlərinə çatmayan ermənilər qırmızı sovet libası geyinib, Göyçədə, bütün Qərbi Azərbaycanda yaşayan yerli azərbaycanlıları oradan çıxarmaq üçün sayılıb-seçilən şəxslərə qarşı açıq-gizli aradan götürüb, didərgin salmaqla o əhalini başsız qoydular ki, fürsət düşən kimi yenə bu əraziləri təmizləsinlər. Bu fürsəti onlara 1988-ci ildə yenə də xarici havadarları yaratdı, Qərbi Azərbaycanı türklərdən təmizlədilər.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)