06.04.2026, 18:10
AZ EN
06.04.2026, 15:17 224

Paşinyan: "Ermənistanı geosiyasi tələdən çıxardıq, amma..."

XƏBƏRLƏR
  • Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkənin ictimai-siyasi mühitində gərginliyi pik həddə çatır. Hələ seçki kampaniyasına rəsmən start verilməsə də, bir-birinə rəqib olan siyasi qüvvələr Ermənistanın gələcək inkişafına dair planlarından daha çox qarşılıqlı ittihamlara köklənib. Bu müstəvidə ən amansız mübarizə isə Rusiya yönümlü qüvvələrlə hazırkı hakimiyyət nümayəndələri arasında gedir. İş o yerə çatıb ki, tərəflər bir-birini açıq şəkildə təhqir etməkdən çəkinmir.

"Vətən səsi" xəbər verir ki, Rusiya yönümlü qüvvələrin əsas fiqurlarından sayılan keçmiş prezident Robert Köçəryan son günlər rəqibi Nikol Paşinyana qarşı daha amansız mübarizəyə başlayıb. Yerli mətbuatın yaydığı məlumata görə, keçmiş prezident 2018-ci ildə onların hakimiyyətini devirmiş hazırkı Baş nazirin sosial şəbəkələrdəki fəallığını sərt şəkildə tənqid edərkən onu aşağılayıb. O, “kim eşşək kimi anqırsa, sosial mediada daha çox populyarlaşır və baxış toplayır" sözləri ilə Nikol Paşinyanın küçə və bazarlarda, ictimai nəqliyyatda sakinlərlə görüşərkən sərgilədiyi davranışlarını məsxərəyə qoyub. Bildirilir ki, Paşinyan ilk vaxtlar rəqiblərinin açıq təhqir və nifrət dolu təhdidlərinə qarşı siyasi mədəniyyət nümayiş etdirsə də, indi rəqabət çərçivəsini aşmamaq sadəcə, mümkün deyil. Hətta Baş nazir onu aşağılayan keçmiş prezidentə onun seçdiyi ifadələrlə cavab verməyə başlayıb.

Nikol Paşinyanın onun sosial mediada aktivliyini tənqid edən Robert Köçəryana daha sərt ritorika ilə cavab verib. O, deyib ki, Köçəryan "eşşək kimi anqırsa da, bu, nə Ermənistanda, nə də Rusiyada heç bir ciddi maraq doğurmayacaq, çünki onun anqırtısını heç Moskvada da eşitməyəcəklər".

Bununla belə, Baş nazir keçmiş prezidenti yenə də "eşşək kimi anqırmağa" çağırıb: "Düzdür, Robert Köçəryanın səsi Moskvada eşidilməyəcək. Amma heç olmasa, bu yolla erməni xalqına olan borcunun bir hissəsini ödəyə, sıfıra yaxın olan reytinqini artıra və zədələnmiş ictimai nüfuzunu bir az da olsa yüksəldə bilər".

Paşinyan onu da əlavə edib ki, Robert Köçəryan kimi Rusiya yönümlü qüvvələr hakimiyyətə gəlsə, sentyabr ayında regionda dəhşətli müharibə başlaya bilər və bu, Ermənistan üçün fəlakətli nəticələr doğuracaq: "Biz Ermənistanı geosiyasi tələdən çıxardıq. Bizim komandamız bu siyasəti ilə ölkəyə sülh gətirib. Hər siyasi qüvvə bunun öhdəsindən gələ bilməz. Amma biz bacardıq, bizim partiya cəhənnəmdən keçərək Ermənistan dövlətini dinc limana gətirdi. Lakin təhlükə hələ tamamilə sovuşmayıb. Əgər Köçəryan və ya Rusiya yönümlü digər qüvvələr hakimiyyətə yiyələnsələr sentyabrda dəhşətli müharibə olacaq".

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Müşahidəçilərin fikrincə, ölkədə seçki öncəsi mühit son dərəcə aqressivdir. Siyasi debatlar proqram və ideyalar üzərindən deyil, qarşılıqlı ittihamlar və şəxsi hücumlar üzərində qurulur. Ölkədə Paşinyan və onun komandasının reytinqi yüksək olsa da, Rusiya yönümlü qüvvələr seçki fəallığını artırmaq və nəzarəti ələ almaq üçün səylə çalışır. 

Elxan SALAHOV

 

Oxşar xəbərlər