06.04.2026, 19:59
AZ EN
06.04.2026, 17:57 11

Təhlükəsizlik eksperti: "Minalar təkcə torpağı yox, insanların həyatını da girov saxlayır"

YAZILAR
  • Mina təhlükəsi bu gün də müasir dövrün ən ağır və uzunmüddətli problemlərindən biri olaraq qalır. Xüsusilə münaqişədən çıxmış ərazilərdə bu problem təkcə təhlükəsizlik məsələsi deyil, həm də insanların gündəlik həyatına, onların geri qayıdışına və bölgənin bərpasına birbaşa təsir edən əsas amillərdən biridir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan minatəmizləmə işlərinin miqyası da vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Son illərdə yüz minlərlə mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilsə də, təkcə 2025-ci il ərzində minlərlə mina və on minlərlə partlayıcı qalıq tapılması bu təhlükənin hələ də davam etdiyini göstərir. Ümumilikdə isə 2020-ci ildən bu günədək 256 min hektardan çox ərazinin təmizlənməsi və 241 mindən artıq partlayıcı sursatın zərərsizləşdirilməsi böyük iş görüldüyünü göstərsə də, qarşıda hələ uzun və mürəkkəb prosesin olduğunu ortaya qoyur. Bütün bunların fonunda mina problemi artıq yalnız texniki məsələ kimi deyil, həm də insanların təhlükəsiz qayıdışı, bölgədə həyatın bərpası və iqtisadi inkişafın sürətlənməsi ilə birbaşa bağlı olan əsas çağırışlardan biri kimi gündəmdə qalır.

Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elşad Həsənov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi bu gün də Azərbaycan üçün ən ciddi humanitar və təhlükəsizlik problemlərindən biri olaraq qalır. “Ermənistan tərəfindən Azərbaycanın işğal altında olmuş ərazilərində son məlumatlara əsasən təxminən 1,5 milyon mina basdırılıb. Müharibə 2020-ci ilin noyabrında başa çatsa da, bu gün tapılan minalar arasında 2021-ci ildə Ermənistanda istehsal olunmuş nümunələrə rast gəlinir. Bu isə onu göstərir ki, müharibədən sonra da bizim ərazilərdə mina basdırılması davam etdirilib. Mina partlayışları nəticəsində indiyədək 427 hadisə qeydə alınıb və bu partlayışlar nəticəsində insanlar həyatını itirib, ağır xəsarətlər alıb, bəziləri isə əl-ayaqlarını itirib. Bu, cəmiyyət üçün son dərəcə həssas və ciddi problemdir və geniş müzakirələrə səbəb olur. Minalar təkcə torpağı yox, insanların həyatını da girov saxlayır”, - deyə ekspert əlavə edib.

O bildirib ki, Azərbaycan bu məsələni beynəlxalq səviyyədə mütəmadi qaldırır. Müharibədən sonra mina problemi ilə bağlı Azərbaycan beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə müraciətlər edib. Lakin təəssüf ki, bu istiqamətdə ölkəmizə hələ də ciddi dəstək göstərilməyib: “Minatəmizləmə işləri əsasən Azərbaycanın öz imkanları hesabına həyata keçirilir. Bu sahədə əsas yük 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) üzərinə düşür. Eyni zamanda, Müdafiə Nazirliyinin mühəndis-istehkam qoşunları, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin xüsusi qrupları da bu prosesdə iştirak edir. Geniş ərazilərin minalarla çirklənməsi aparılan bərpa və yenidənqurma işlərinə ciddi təsir göstərir. Bu, həm də bölgəyə beynəlxalq investisiya axınına mənfi təsir edən əsas amillərdən biridir”.

E.Həsənov diqqətə çatdırıb ki, Ermənistan tərəfindən təqdim olunan mina xəritələri qeyri-dəqiqdir. Biz qarşı tərəfdən mina xəritələrini tələb etmişik. Onlar iki dəfə xəritə təqdim etsələr də, həmin xəritələrin cəmi 25 faizi real vəziyyətlə üst-üstə düşür. Bu da prosesə əlavə çətinliklər yaradır.

Ekspertin fikrincə, minatəmizləmə sahəsində bəzi ölkələr tərəfindən məhdud dəstək göstərilib. Məsələn, İtaliya tərəfindən minatəmizləmə texnikası təqdim olunub. Lakin ümumilikdə bu işlər əsasən Azərbaycanın öz gücü hesabına həyata keçirilir.

“Mina təhlükəsi olan ərazilər xüsusi nişanlarla işarələnib və bu zonalara giriş qəti qadağandır. Buna baxmayaraq, təəssüf ki, bəzi hallarda insanlar bu qaydalara əməl etmir və nəticədə ağır xəsarətlər alırlar. Bu səbəbdən maarifləndirmə işləri daha da gücləndirilməlidir. Mina problemi qlobal səviyyədə də ciddi çağırışlardan biridir. Beynəlxalq təşkilatlar bu məsələni gündəmdə saxlasalar da, son illərdə onların nüfuzu zəifləyib və səmərəli fəaliyyəti sual altındadır. Bu vəziyyət beynəlxalq münasibətlər sistemində ciddi problemlərin olduğunu göstərir. Bu gün dünyada baş verən münaqişələr – Yaxın Şərqdə, Rusiya-Ukrayna müharibəsi və digər proseslər göstərir ki, beynəlxalq təşkilatlar öz funksiyalarını tam yerinə yetirə bilmir”, - deyə E.Həsənov vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər