Qarabağdakı keçmiş separatçı rejimin son başçısı Samvel Şahramanyan bu gün yenidən korrupsiya əleyhinə mübarizə Komitəsinə çağırılıb və Xankəndidə olarkən maşınları, pulları kimə verildiyi barədə sualları cavablandırıb. O, ifadəsində cəmi on gün "prezident" olduğunu deyib və əlavə edib ki, sözügedən cinayətdə iştirakı olmayıb. Bu xəbəri yayan "Hraparak" isə öz şərhində göstərib ki, maşınların və pulların aqibətini hazırda Bakıda həbsdə olan Araik Harutyunyan bilər.
Xatırladaq ki, Samvel Şahramanyan baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən etiraz aksiyasının önündə olanlardandır. İqtidarın xəbərdarlığına baxmayaraq o, müxalifətlə, xüsusilə Xocalı qatillərindən olan Robert Koçaryanın yaxın ətrafı ilə daim məsləhətləşmələr aparır.
N.Qaramanlı