"Hraparak" xəbər verir ki, yanvarın 8-də baş nazir Nikol Paşinyan xarici işlər nazirliyinin inzibati binasında diplomatik korpusun rəhbərləri ilə görüşüb. İclasda ötən il görülmüş işlər barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, 2023-cü il də diplomatlar üçün gərgin il olub. Amma bir çox sahələrdə ölkənin maraqları təmin olunub. Düzgün siyasətin nəticəsində xaricdən Ermənistana 34 yüksək səviyyəli səfər baş tutub. Ermənistandan isə xaricə 68 yüksək səviyyəli səfər edilib ki, bunun 40-ı xarici işlər naziri Ararat Mirzoyan tərəfindən edilib. Xarici işlər nazirinin və bütövlükdə diplomatik qurumun işindən razı olduğunu bildirən Nikol Paşinyan sonda belə deyib: "Ermənistanın xarici işlər nazirliyinin ali məqsədi Ermənistanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü təmin etmək və ona zəmanətdir".
Agentlik isə əlavə edib ki, hər bir ölkənin xoşbəxtliyi öncə onun ordusu ilə təmin olunur. Ermənistanın ordusu isə buna qadir deyil.
N.Qaramanlı