Bunu “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi siyasi təşkilatın mayın 26-da İstanbulun Esenlərdə təşkil etdiyi mitinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, mayın 14-də Türkiyə tarixinin ən böyük seçkisini həyata keçiriblər: "Kimə səs verməsindən asılı olmayaraq seçkiyə gedən hər kəsə təşəkkür edirəm. Esenlərdə yaşayan seçicilərimizin 62 faizi prezident seçkilərində mənə səs verib. Bu göstərici ilə İstanbulun Avropa qitəsində mənə ən çox dəstək verən rayon olub".
R.T.Ərdoğan söyləyib ki, "Cümhur İttifaqı" parlamentdə 323 deputat mandatı qazanaraq qalib gəlib: "Mən Kamal Kılıçdaroğluna sual vermək istəyirəm. Sən bu parlamentlə necə işləyə bilərsən?
Bundan sonra sadəcə bir addım qalır. Türk xalqı ikinci turda ikibaşlılıq yaranmasına icazə verməyəcək. Hesab edirəm ki, millətimiz 28 mayda da Rəcəb Tayyib Ərdoğana səs verəcək".
Prezidentliyə namizəd hər zaman olduğu kimi yenə də Esenlərdə yaşayan seçicilərə güvəndiyini bildirib.
O deyib ki, hazırda Esenlər meydanında 140 min insan toplanıb: “Hər zaman olduğu kimi indi də Esenlərə güvənirəm. Bu o deməkdir ki, Esenlər bazar günü seçki məntəqələrində öz sözünü deyəcək.
Vəfanız üçün hər birinizə təşəkkür edirəm. Hər zaman eşqlə, hörmətlə yanımızda dayanmısınız. Bu gün bu meydanda könüldən-könülə gedən gizli yol var".
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.
S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb. (Report)