22.05.2025, 15:57
AZ EN
22.05.2025, 10:51 205

Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib

XƏBƏRLƏR
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün məktəblilər arasında Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirib.

 Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Bakıda “Məmmədyarovlar” şahmat məktəbində təşkil olunmuş turnirdə Qarabağ və Şərqi Zəngəzur təhsil müəssisələrinin 60-dan çox şagirdi iştirak edib.

Turnirin açılış mərasimində diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev gənc nəslin təhsili ilə yanaşı mənəvi-fiziki və əqli inkişafına da daim qayğı göstərib.

O, geniş zəka, məntiqi düşüncə, sağlam əhval-ruhiyyə tələb edən xüsusi idman növü kimi şahmatın ölkəmizdə kütləviliyinin təmin olunmasına mühüm töhfələr verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın şahmat ənənələri dirçəldilib, idmançılarımız yüksək nəticələrə nail olaraq xalqımızı sevindiriblər.

Açılış mərasimində çıxış edən Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın genişmiqyaslı bir proses olduğunu, doğma yurda geri qayıdan gənc nəslin hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradılmasının da bu prosesdə diqqət mərkəzində dayandığını bildirib. Vaxtilə Qarabağda və Şərqi Zəngəzurda şahmat məktəblərinin mövcud olduğunu, həmin məktəblərin işğal dövründə də fəaliyyətini davam etdirdiyi xatırladılıb, əslən Zəngilan rayonundan olan Məmmədyarovlar ailəsi üzvlərinin Azərbaycanda şahmatın inkişafında müstəsna rol oynadıqları, bir sıra nüfuzlu beynəlxalq yarışların qalibi olduqları vurğulanıb, “Zəfər” turnirinə dəstək verdikləri üçün onlara minnətdarlıq bildirilib.

Qeyd olunub ki, Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanı təmin edəcək amillər arasında uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli təşkili, o cümlədən onların müxtəlif idman növləri ilə məşğul olması üçün imkanlar yaradılması da önəmli yer tutur və Böyük Qayıdışın prioritetlərindən hesab olunur.

Yeddi turdan ibarət olan yarışdan sonra oğlanlar və qızlar arasında ilk 3 yerin qalibləri müəyyənləşib, onlara diplom, turnirin bütün iştirakçılarına isə sertifikat təqdim edilib. Beynəlxalq qrossmeyster, “Məmmədyarovlar” şahmat məktəbinin rəhbəri Zeynəb Məmmədyarova qaliblərə ustad dərsi keçib. Turnirin sonunda qaliblərdən biri ilə Zəngilan rayonunun Ağalı kənd məktəbinin şagirdi arasında onlayn formatda şahmat yarışı təşkil olunub.

Oxşar xəbərlər