Bunu Xankəndinin “Qarabağ” klubunun sabiq futbolçusu Munis Abdullayev deyib.
Ağdamın “Qarabağ” komandasının Azərbaycan Kubokunun oyunlarını Xankəndi şəhər stadionunda keçirmək istəməsinə münasibət bildirən keçmiş hakim orada yeni komandanın yaradılmasını arzulayır: “Bizim artıq “Qarabağ”ımız var. Bu üzdən Xankəndinin öz komandası fəaliyyət göstərsə, daha yaxşı olar. Belə bir addım atılsa, hər cür kömək etməyə hazır olaram. 58 illik ömrümün 52 ilini futbola həsr etmişəm. İstər futbolçu, istər məşqçi, istərsə də hakim kimi müəyyən təcrübə toplamışam. Məndən kömək istəsələr, Xankəndidə futbolun dirçəlməsi üçün canla-başla üzərimə düşəni edərəm”.
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin Xankəndidə baş tutan “Qarabağ” – MOİK görüşünün hakim-inspektoru olan Munis Abdullayev şəhərə ayaq basdığı zaman keçirdiyi hissləri sözlə ifadə etməkdə çətinlik çəkdiyini bildirib: “Həmin anları gərək görəsən, yaşayasan. Əvvəlcə Şuşada bir gün qaldıq. Oranı gəzdik, köhnə xatirələr canlandı. Xankəndiyə gedəndə isə stadionun ərazisini gəzdim, xatirələrimi təzələdim. Orada oynadığımız, şəhərdə gəzdiyimiz günləri yadıma saldım. Bu dəfə vaxt azlığı ilə əlaqədar şəhəri çox gəzmək imkanımız olmadı. Stadionda o qədər böyük axın var idi ki, arenanı tərk etsəydim, sonra geri qayıtmaqda çətinlik çəkəcəkdim”.
Qeyd edək ki, Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçı idi. MOİK üzərində 1:0 hesablı qələbə qazanan “Qarabağ” 1/4 finala yüksəlib. (Report)