21.09.2024, 07:22
AZ EN
11.03.2024, 14:47 270

Azərbaycan İsraildən raket və təyyarələrin erkən aşkarlanması sistemi olan “Sky Dew” aerostatı alıb

XƏBƏRLƏR
  • Azərbaycan İsraildən raket və təyyarələrin erkən aşkarlanması üçün qabaqcıl sistemlə təchiz edilmiş “Sky Dew” aerostatını alıb.

Bu barədə "Ordu.az" İsrail KİV-lərinə əsasən xəbər verir.

Qeyd edilir ki, “Sky Dew”un missiyası aşağı hündürlükdə qanadlı raketlərin, Pilotsuz Uçuş Aparatlarının (PUA) və digər qabaqcıl hava təhdidlərinin aşkarlanması və erkən xəbərdarlıq edilməsidir.

Bu məqsədlə aerostat uzaq mənzilli AFAR radarı ilə təchiz edilib. Aerostat bir neçə gün fasiləsiz müşahidə aparmağa qadirdir və 250 km-dən çox aşkarlama məsafəsi ilə 500-ə qədər hədəfi izləyə bilir. O, həmçinin qurudan gələn maneələrin qarşısını almağa qadirdir, yəni aerostat xüsusilə aşağıdan uçan təhdidləri aşkar etmək üçün faydalıdır.

Aerostatın yuxarı hündürlük həddi yerüstü radarların hüdudlarını əhəmiyyətli dərəcədə aşır və üfüqdə daha geniş görmə sahəsi təmin edir. “Sky Dew” aerostatı öz növünün ən böyüklərindən biridir və İsrailin Raketdən Müdafiə Təşkilatı ilə ABŞ Raketdən Müdafiə Agentliyinin birgə müəssisəsi tərəfindən hazırlanıb.

Dirijabl üzərində quraşdırılan həssas radarın resurs baxımından nisbətən qənaətcil olmaqla yanaşı, həm də uzunömürlü olduğu və bahalı texniki xidmət tələb olunmadığı vurğulanır.

Ötən ilin noyabrında Azərbaycanın İsraildən təyyarə və raket kimi hava təhdidlərindən qorunmaq üçün nəzərdə tutulan əlavə “Barak MX” hava hücumundan müdafiə sistemləri alacağı məlum olub. “Defense Industry Europe”un məlumatına görə, sövdələşmənin məbləği 1,2 milyard dollar təşkil edəcək.

Bundan əvvəl “Israel Aerospace Industries” (IAI) şirkəti “Barak MX”in Azərbaycanda imkanlarını nümayiş etdirib, sınaqlara bu sistemin müxtəlif versiyalarının raketlərinin çoxsaylı buraxılışları daxil edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər