23.11.2024, 04:54
AZ EN
20.04.2023, 14:30 332

Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

XƏBƏRLƏR
  • Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar mülki işçilər!

Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram.

İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir.

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərləri yüksək tutaraq adət və ənənələrimizin qorunub saxlanmasını reallığa çevirdi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycanın Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili va xarici siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları möhkəmlənib, Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər qazanıb. Dövlətimizin inkişafında prioritet istiqamətlərdən hesab edilən ordumuzun müdafiə qüdrətinin gündən-günə artırılması ölkədə həyata keçirilən islahatların əsas tərkib hissələrindəndir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu daha da artaraq xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatmışdır.

Bu inamlı fəaliyyətlərin məntiqi nəticəsi olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin törətdiyi irimiqyaslı təxribatlara qarşı rəşadətli Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatlarında əsgər va zabitlərin qəhrəmanlığı, fədakarlığı sayəsində 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımız azad edildi. Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, qətiyyətli addımları, ordumuzun gücü sayəsində düşmən üzərində parlaq Qələbə qazandıq. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün rəşadətli Azərbaycan Ordusu işğaldan azad etdiyi ərazilərdə öz mövqelərini daha da gücləndirməklə dövlət başçısının rəhbərliyi altında başlayan genişmiqyaslı bərpa-quruculuq işlərinə layiqli töhfələrini verməkdədir.

Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm.

Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi, Ramazan bayramı ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Eyni zamanda, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Şəhid ailələri daima Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunur. Onların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Arzu edirəm ki, bu müqəddəs Ramazan bayramı gəlişi ilə ailələrinizə firavanlıq, xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.

Bir daha hər birinizi Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram.

Ramazan bayramınız mübarək!"

Oxşar xəbərlər