1974-cü ildə orta təhsilini müvəffəqiyyətlə başa vurub.1976-1980-ci illərdə Gəncə Politexnik İnstitutunda (indiki Azərbaycan Texnologiya Universitetində) ali təhsil alıb. İxtisasca mühəndisdir.
Əmək fəaliyyətinə Bakıda Mənzil Kommunal Təsərrüfatı Nazirliyindən başlayıb.
1985-ci ildə ailə həyatı qurduqdan sonra Ağdam şəhərində yaşayıb və 8 il Ağdam statistika idarəsində işləyib.
Məlum birinci Qarabağ Müharibəsi minlərlə soydaşımız kimi, ailəliklə onları da doğma Vətəndən didərgin salaraq məcburi köçkün həyatı yaşamağa məcbur edib. 1993-cü ildən 2000-ci ilədək Gəncədə, sonra isə Bakı şəhərində müvəqqəti məskunlaşıblar…
Orta məktəb illərindən yaradıcılıqla məşğul olan Almaz xanımın 2013-cü ildə “Qəlbimdə, fikrimdə Vətən dolaşır” adlı ilk şeirlər kitabı işıq üzü görüb.
2018-ci ildə Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününün 30 illiyi ərəfəsində “Əsgər andı” adlı ikinci kitabı çap olunub. Kitabda M.İbrahimovun qəhrəmanlığından, şücaətindən bəhs olunur.
Şeirləri 20-dən çox müxtəlif poeziya antalogiyalarında, o cümlədən, "Zirvə", "Canım Azərbaycanım", "Poeziya çələngi" və "Buta" ədəbi məcmuələrində, müxtəlif mətbuat orqanlarında dərc olunub.
Hazırda Ağdam ədəbi məclisinin rəhbəridir.
DÖNÜN YENƏ VƏTƏNƏ
Vətənimdən ayrı düşdüm,
Deyən nərgız, inci gülüm.
Qəm-həsrəti, boynun bükən,
Tər bənövşəm, dönün yenə
Siz vətənə, siz Ağdama,
Qarabağda, yaşamağa!
Həsrət bitdi, yağı düşmən,
Məğlub oldu, məhv edildi.
Daha Vətən sizlərindi...
Bizimkidir, bizlərindi!
Qatarlanın ey durnalar,
Üzü cənnət, Qarabağa.
Laçın, Ağdam, Kəlbəcərə
Köksün altı, sarı bülbül,
Gül budağı, sənin yerin
Cəh-cəhini gözləyibdi
Gör nə vaxtdı, sənin elin?
Ey didərgin, Xarıbülbül
Şuşa sənin məskənindir!
Suşa sənsiz, çox kövrəkdir
Gəl sil onun, göz yaşını
Gəl sevindir, öz yurdunun
Torpağını, hər daşını.
Dönün yenə siz Vətənə.
Yurd libasın, çiçəklərdən
Gözəllikdən, biçsin yenə!
BAYATILAR
Anam mənim mərd ana,
Sozün deyər mərdana.
Yüz namərdin yerinə
Məni bircə mərd ana.
Çəkilə bax çəkilə,
Yarpaqları tökülə,
Qiyamət o gün olar
Ata evdən çəkilə.
Mən qurbanam Ağdama,
Qara dama, ağ dama.
Ağdama kəc baxanın
Gözlərinə ağ dama.
Budaqda al almadı,
Qızıləhməd almadı.
Pay tutdum yara alma,
Bəyənmədi almadı.
Sarı alma, al alma,
Əyib budağın alma.
Nə yad elə qız köçür,
Nə yad eldən qız alma.
Çəkil dedim, gen çəkil,
Bağımda əkdim çəkil.
Ya sözünə əməl et,
Ya da yolumdan çəkil.
Qiymətli altun almaz,
Yarımın ismi Almaz.
Diləyin mərddən dilər,
Namərd verdiyin almaz.
Bal tökmüş, bal tasına,
Qorxma vur balta sına,
Yarımın ağ əlləri,
Batıbdi bal tasına.
Ağdam da uzundərə,
Çal aşıq "uzun dərə".
Burda bir bağ salmışam,
Yar gələ üzüm dərə.
Ay gözəl adın Solmaz,
Sənin kimi qız olmaz.
Əkdiyin ağacların
Gülü-çiçəyi solmaz.
AĞDAM
Gözəl Qarabağın çarpan ürəyi,
Hüsnünə bəzəkdir, gülü-çiçəyi,
Ruhuna ruh qatır, Bərdə küləyi,
Gözəl insanların beşiyi Ağdam.
Bol məhsul yetirir,bağçası-bağı,
Şəfa mənbəyidir, suyu,torpağı,
And yeri olubdur, “Lazım ağa” ocağı,
Xudu tək Alimlər yurdudur Ağdam.
Qəhrəman oğullar olmuş şərəfi
Allahverdi, Fred Asif tərifi.
Rauf qazanmışdı, xalq məhəbbətin
Altı min şəhidin yurdudur Ağdam.
Səsləyir qoynuna bir şənlik quraq,
Otuz ilin həsrətinə, son qoyaq,
Qoy Vətən yaşasın, bizlər şad olaq,
Hüsnünü gözəllik bəzəsin, Ağdam..
Şair Almaz, Vətən dedin, bezmədin,
Qonşu şəhərləri Vətən bilmədin,
Rahat can verərəm, Ağdamda dedin...
Səninlə fəxr edirəm hər zaman Ağdam.
QARA DAŞLAR AĞLAYIRDI
(Ağdamlı ziyalımız, idman ustası, yüzlərlə idmançıların, çempionların müəllimi,Vətən müharibəsinin iştirakçısı, şəhid atası Hacı Əkbər müəllimin "VƏTƏN" kitabından təsirlənib yazdım!)
Mən səngərdə qara daşın,
Çəmənlərin, çiçəklərin
Göz yaşların, damla-damla
Axan gördüm, ağlar gördüm.
Qara daşlar ağlayırdı...
Bəzən biz insanlara,
Daş qəlblisən söyləyirik.
Daşların da qəlbi varmış,
Viran eldə bunu sezdik.
Qara daşlar, ağlayırdı..
Dağıdılan hər bir evin,
Viran olan torpağında,
Şəhidlərin baş daşında,
Uca dağlar qayasında
Qara daşlar ağlayırdı...
Göz yaşların, qara daşın,
Külək silər, gün qurudar.
Gecələri çən olardı,
Möcüzəli bir olaydı
Qara daşlar, ağlayırdı...
DOĞMA KƏNDİM SARCALI
( doğulduğum kəndimə )
Ərənlər vətəni, mərdlər diyarı,
Meyvəli bağçalı,barlı bağları,
Səndən ayrılalı, könlüm yaralı,
Gözəllər məskəni gözəl, Sarcalı.
Yaraşırsan bayramlara, toylara,
Vurğunam səndəki gözəl huylara,
Bəzək vurur alma, armud bağlara,
Gözəllər məskəni gözəl, Sarcalı.
Ağdam kəndlərinin başda tacısan,
Çəmənli üzükdü sənsə qaşısan.
Ləlsən, cəvahirsən,yaqut daşısan,
Qarabağ gövhəri gözəl, Sarcalı.
İğidlərin şəhadəti seçibdi,
Həsənin cəddinə el and içibdi,
El yolundan şair Şahmar keçibdi,
Ziyalı yurdusan gözəl, Sarcalı.
Nurlu mayağısan ziyalıların,
Alimin, şairin, hər bir ustadın.
Şair Almaz kimi neçə insanın,
Sən ana yurdusan, gözəl Sarcalı.
Hazırladı: Tahirə AĞAMİRZƏ