23.11.2024, 12:08
AZ EN
15.06.2024, 17:25 241

BU XALÇANI MƏNİM ANAM TOXUYUB

YARADICILIQ
  • Əzizə Ağahüseynqızı dövrü mətbuatda 1975-ci ildən çap olunur. Özünəməxsus poeziya nümunələrinə sahib olan istedadlı şairənin "Ulduz", "Azərbaycan", "Ədəbiyyat" qəzetlərində, jurnallarda və almanaxlarda şeirləri dərc olunub və olunur. Əzizə Ağahüseynqızının yaradıcılığı zəngin və rəngarəngdir.

6 şeirlər kitabının müəllifi olan Əzizə xanımın şeirləri özbək və digər dillərə tərcümə olunub. Bir çox mükafat və adlarla təltif olunub. "Qızıl qələm" media mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun sayca 6-cı kitabı Azərbaycanın 44 günlük müharibəsi və şanlı qələbəmizə həsr olunub.  Qeyd edək ki, ölkəmizdə keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab  festivalında Azizə Ağahüseynqızının imza gününü keçirdiyi “Salam Şuşam” adlı kitabı böyük maraqla qarşılanmışdır.

Şairənin vətənpərvərlik mövzusunda qələmə aldığı bir neçə şeirini “Vətən səsi”nin oxucuylarına təqdim edirik.

 

ƏSGƏR OĞLUMA

Salam, yuxusu qaçan,

Səngərdə duran balam.

Mənim də yuxum qaçıb,

Arxam, dayağım, qalam.

 

Vətənin bir parçası,

Ürəyim, arzum, kamım,

Yanına tez gəlməyə

Hələ yoxdur imkanım.

 

Daha payız da düşüb,

Orda qoru özünü.

Bax, özünə yaxşı bax,

Yerə salma sözümü.

 

Əynindəki o əsgər

Geyimini sevmişəm,

Dilimdəki o əsgər

Deyimini sevmişəm.

 

Həsrətindən bilirsən,

Ürəyim dönüb telə,

Gözümü yolda qoyma,

Tez-tez evə zəng elə.

 

Bizdən nigaran olma,

Xidmətini yaxşı çək.

Düşmənə zərbə vurub

Ovla onları tək-tək.

 

Məktubumda atanın,

Bacıların salamı,

Qonşu qız təbəssümlə-

Salamlayır hamını.

 

Di yaxşı, gecə keçir,

Salamat qal, öpürəm.

Sərhəddə sayıq dayan,

Mən yatmağa gedirəm...

 

BU XALÇANI MƏNİM ANAM TOXUYUB

Naxışında min illərin yaddaşı,

Bu xalılar ocaq daşı, yurd daşı,

Qiymətini bilə bilməz hər naşı,

Toxuduqca qəlbi nəğmə oxuyub,

Bu xalçanı mənim anam toxuyub.

 

Çöhrəsində qızılgüllər açıbdı,

Sinəsində neçə sirlər yatıbdı,

Üzərində balam yuxu tapıbdı,

İlməsinə “sarı bülbül” oxuyub,

Bu xalçanı mənim anam toxuyub.

 

Ayaq açıb üzərində gəzməyin,

Əllərinin tumarını əzməyin,

Ucuz tutub ayaq alta düzməyin,

“Qarabağın şikəstə”sin oxuyub,

Bu xalçanı mənim anam toxuyub.

 

Ərişində, arğacında sehir var,

Butasında, ilməsində mehir var,

Ovsunladı məni də o sehrkar,

Həvəsinin dəstəsiylə toxuyub,

Bu xalçanı mənim anam toxuyub.

 

O yatmayıb şirin candan keçərək,

Sarı, yaşıl, abı rəngi seçərək,

İlmələri əzizləyib öpərək,

Gözlərinin qarasıyla toxuyub,

Bu xalçanı mənim anam toxuyub.

 

Kəbəni köcürüb kətan üstünə,

Məkkənin həsrəti qərib üzünə,

Əlləri çatmayıb Təbriz hüsnünə,

Ürəyinin həsrətiylə toxuyub,

Bu xalçanı mənim anam toxuyub.

 

Bir rəssam gözüylə baxıb cahana,

Neçə xalıları yarat ay ana,

Qarabağ xalısın düzüb yan-yana,

Cənnət gülləri tək açıb, qoxuyub,

Bu xalçanı mənim anam toxuyub.

 

BİR ƏSGƏR GEDİRDİ ÇİYİNLƏR ÜSTƏ

Kamandı, çəkilmiş oxundan çıxıb,

Dünyanın varından, yoxundan çıxıb,

Amandı, qoymayın yuxumdan çıxıb,

Bir əsgər gedirdi çiyinlər üstə.

 

Qopurdu dünyanın bir qırağından,

Nur ala bilmədi öz çırağından,

Düşmənə yağdırıb od yarağından,

Bir əsgər gedirdi çiyinlər üstə.

 

Sarıldı əlində vuran qılınca,

Bir himə bənd idi yurdu alınca,

Ana Kür göz yaşı tökdü dalınca,

Bir əsgər gedirdi çiyinlər üstə.

 

Özünü alova, oda toxuyub,

Tabuta girmişdi çiçək qoxuyub,

Dağlara bir həzin nəğmə oxuyub,

Bir əsgər gedirdi çiyinlər üstə.

 

Seliydi, bəndləri yıxıb gedirdi,

Şimşək tək göylərdə çaxıb gedirdi,

Bulağa dönmüşdü, axıb gedirdi,

Bir əsgər gedirdi çiyinlər üstə.

 

Köksünü dərindən ötürmək üçün,

Dağlarda gül, çiçək bitirmək üçün,

Azad sabahları gətirmək üçün,

Bir əsgər gedirdi çiyinlər üstə.

 

Gedir qılıncları qurşatmaq üçün,

Göylərin dərdini boşaltmaq üçün,

Neçə min oğulu yaşatmaq üçün,

Bir əsgər gedirdi çiyinlər üstə.

 

A KƏNDİM

Qucağında yüyürdüyüm, qaçdığım,

Torpağına qurban olum, a kəndim.

Arx boyunca kölgə salan çinarın,

Yarpağına qurban olum, a kəndim.

 

Məni mənsiz soraqlayan, arayan,

Küləyiylə tellərimi, darayan,

Balasını qar, yağışdan qoruyan,

Qucağına qurban olum, a kəndim.

 

Aran yerim nə olsun ki, istidir,

Yaylağımız Salvartının üstüdür,

Ocağından qalxan bizim tüstüdür,

Ocağına qurban olum, a kəndim.

 

Əzizəyəm, nə söyləyim, de, sənə,

İnsaf versin Tanrı səndən küsənə,

Vətən boyda Vətən olan küçənə,

Bucağına qurban olum, a kəndim.

 

UNLUCA DOVĞASI DÜŞÜB KÖNLÜMƏ

Yenə bahar gəlib ağ varaqlara,

Xəyalım köç edir ötən çağlara,

Elə hey qoşulub mən uşaqlara,

Unluca dovğası bişirmək üçün,

Unluca yığmağa gedərdim hər gün.

 

Yamyaşıl talalar şehdə çiməndə,

Deyərdim, gülərdim qızlarla mən də,

O qızların çoxu düşdü kəməndə,

Bu ömür deyilən yuxuymuş demə,

Unluca dovğası düşüb könlümə.

 

Guya unlucaya getmişdim mən də,

Qayıdıb əliboş evə dönəndə,

Səbirli anamın səbirdanından

Danlaqlar yağardı sel tək üstümə,

Unluca dovğası düşüb könlümə.

 

Yenə arx döşündə bitir yarpızlar,

Yenə göy üzündə yanır ulduzlar,

Bəs siz hardasınız, yaşıdım qızlar?

Mən sözün sehriylə yaşadım, qızlar!

Siz kəməndə düşdüz, mənsə tilsimə,

Unluca dovğası düşüb könlümə.

 

Oxucum, düşünmə dovğa acıyam,

Torpaq həsrətlisi, yurd möhtacıyam.

Hər yazıdan qabaq bir ağ varaq var,

Unlucadan qabaq unlucanı da,

Yetirən, bitirən ana torpaq var.

 

Yoxsa dovğa nədi, unluca nədi?

Unluca özü də bir bəhanədi.

Unluca özü də məni yetirən,

Unluca özü də məni bitirən,

Düşmən tapdağında qalan yurdumdan,

Düşmən tapdağında solan yurdumdan,

Ana torpağımdan bir nişanədi.

 

GECƏM GÖZLƏRİMDƏN ASILI QALIB

Nədir həsrət qoyan məni yuxuya,

Gecəm gözlərimdən asılı qalıb.

Hissimi, duyğumu xeyrə toxuya,

Gecəm gözlərimdən asılı qalıb.

 

Hanadı, arğacı qəmdi, kədərdi,

Toxuya bilmirəm, vaxtım hədərdi,

Qəlbimin qüssəsi dünya qədərdi,

Gecəm gözlərimdən asılı qalıb.

 

Xalları, gülləri var axın-axın,

Rəssam tablosuna bənzəyir, baxın!

Dünyanın min rəngi sevgimə yaxın,

Gecəm gözlərimdən asılı qalıb.

 

Bir layla demir ki, başımı qatam,

Yuxusuz qələmdə nə ləzzət, nə tam?!

Nə dərdli anadır, qoymayır yatam,

Gecəm gözlərimdən asılı qalıb.

 

Keçmir nə saatı, nə də bir anı,

Görünmür Zöhrəsi, ağarmır Danı,

Tutub saxlayıbdı gedən zamanı,

Gecəm gözlərimdən asılı qalıb.

 

SÖZ

Başıma dolanıb pərvanə kimi,

Ağlımı başımdan alırsan, ay söz.

Sinəmdə çırpınan odlu qəlbimi

Alıb əllərində çalırsan, ay söz.

 

Bir anda ruhumu uçurdub göyə,

Hecalar, misralar söz yeyə-yeyə,

Bu fani dünyada yaşayım deyə,

Mənimlə baş-başa qalırsan, ay söz.

 

Könlüm kürrəsinə sən necə düşdün?

Tanrı dərgahından ruhuma uçdun,

Sinəmdə közərdin, sinəmdə bişdin,

Dilimin ucunda yanırsan, ay söz.

 

Uçub getsən əgər ürək dağımsan,

Sehirli bir aləm, qəmli çağımsan,

Doğmasan, hamıdan mənə yaxınsan,

Qəlbimin evində qalırsan, ay söz.

 

Sinəmə çırpılan dalğasan, nəsən?

Qeybdən ruhuma qonan nəğməsən,

Bəlkə söyləyəsən, hardan gəlmisən?

Bəlkə biyabanda bir tütək səsi,

Bəlkə də çiynimə qonan mələksən?

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər