Diplomatlara qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində ölkəmizin ali rəhbərliyinin başçılığı ilə dövlət siyasətinin əsas istiqamətləri, komitənin fəaliyyəti, son 30 ildə Azərbaycanın 30-dan çox şəhər və rayonunda 116 yeni müasir yaşayış kompleksinın keçmiş qaçqın və məcburi köçkünlərin istifadəsinə verilməsi haqqında ətraflı məlumat verilib, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərlər”in 5 əsas istiqamətindən birinin işğaldan azad olunmuş ərazilərə böyük qayıdış olduğu qeyd edilib.
Qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib.
Prezidentin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bu çərçivədə Dövlət Komitəsi ilə ADA Universiteti tərəfindən “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi haqqında məlumat verilib.
Bildirilib ki, Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini özünün prioritetləri sırasına daxil edib. Bu da, 2020-ci ildə baş vermiş Vətən müharibəsində ölkəmizin qazandığı tarixi qələbədən sonra mümkün olub. Qarabağ və Şərqi Zəngəzurda 30 illik işğal dövründə dağıdılmış yaşayış sahələri, inzibati binalar, yollar, kommunikasiya xətləri bərpa olunur, irimiqyaslı layihələr həyata keçirilir. İşğal dövründə Ermənistanın işğal etdikləri torpaqları tamamilə minalaması məcburi köçkünlərin Böyük Qayıdış prosesini ləngidir. O da vurğulanıb ki, beynəlxalq ictimaiyyət həm doğma yurdlarına qayıdacaq sakinlərin, həm də işğaldan azad olunmuş ərazilərdə peşə fəaliyyətini yerinə yetirən şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir.
Məcburi köçkünlərin beynəlxalq hüququn prinsiplərinə əsasən, doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının və doğma yurdlarında müasir standartlara uyğun inşa edilmiş, zəruri sosial-texniki infrastrukturla təchiz edilmiş mənzillərlə təmin edilməsi dövlətimiz üçün prioritet olduğu diqqətə çatdırılıb.
Diplomatlara bugünədək köçürülən ailələr, onlar üçün yaradılan şərait və ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti-bərpa, quruculuq işlərindən danışılıb. Bildirilib ki, ümumilikdə 1920 ailənin - 7487 nəfərin köçü tamamlanıb və artıq 822 ailə, 3132 nəfər Füzuli şəhərində, 20 ailə, 90 nəfər Talış kəndində, 175 ailə, 871 nəfər Ağalı kəndində, 493 ailə, 1838 nəfər Laçın şəhərində, 59 ailə, 215 nəfər Sus kəndində, 217 ailə, 823 nəfər Zabux kəndində məskunlaşıb. Bildirilib ki, mədəniyyət paytaxtı olan Şuşa şəhərinə artıq 90 ailə 349 nəfər,köçürülüb.
Təlimin sonunda “Bura mənim evimdir” filminin, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində həyata keçirilən tikinti-bərpa, quruculuq işləri və köçürülmə prosesini xarakterizə edən videoçarxlar nümayiş olunub. Sədr müavini proqram dinləyiciləri olan diplomatları qayıdış prosesi, təbliğat-izahat, məlumatlandırma və maarifləndirmə prosesi ilə bağlı maraqlandıran sualları cavablandırıb.