16.02.2026, 16:31
AZ EN
16.02.2026, 14:53 115

Kəlbəcərli şairin növbəti kitabı nəşr olunub

XƏBƏRLƏR
  • Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Namiq Dəlidağlının "Namiq Dəlidağlı-Sözdə görünən adam” adlı yeni kitabı nəşr edilib.

"Vətən səsi" xəbər verir ki, "Zərdabi nəşr"də nəfis tərtibatla çap olunan kitabda müəllifin yaradıcılığına həsr edilən ədəbi-tənqidi məqalələr, təhlil yazıları, doğmalarının, dostlarının onun haqqında fikirləri, eləcə də şairlə aparılan müsahibələr və ona ithaf olunan şeirlərin bir qismi yer alıb.  Beş bölmədən ibarət kitabın “Fikirlərin ünvanı” adlı birinci bölməsində şairin yaradıcılığını təhlil edən ədəbi-tənqidi yazılar toplanıb. “Görün, dostlar nə deyir...” adlı ikinci bölmədə müəllifin doğmalarının və dostlarının onun haqqında düşüncələri təqdim olunub.

“Sual verdilər ki...” adlı üçüncü bölmədə müxtəlif dövrlərdə Namiq Dəlidağlı ilə ədəbi ruhda aparılan müsahibələr yer alıb. “Misralarda göründüm” adlı dördüncü bölmədə ona ithaf edilən poetik nümunələr toplanıb. "Şəkillərdə qalan vaxt" adlı beşinci bölmədə isə şairin həyatının müxtəlif məqamlarını əks etdirən fotolar verilib.

Nəşr müəllifin 55 illik yubileyi münasibətilə hazırlanıb və onun yaradıcılığına maraq göstərən oxucular üçün bir mənbədir. Kitabın redaktoru AYB və AJB üzvü Sevinc Qəribdir.

Xatırladaq ki, əslən Kəlbəcər rayonundan olan Namiq Dəlidağlının indiyədək  "Ağ gecənin nağılı", "Otel otağından reportaj", "Əllidə ələnənlər", "Sevgi sukunəti"(Özbəkistan), "Men ubakıttan utuldum"(Qırğız respublikası) adlı şeir kitabları oxuculara təqdim olunub. O, həmçinin Vətən müharibəsi şəhidi Sahib Musayevə həsr edilən "Bitməyən ömrün yarımçıq gündəliyi" publisistik kitabın müəllifi və dörd publisistik toplusunun həmmüəllifidir.
Şairin əsərləri ölkəmizdə və xaricdə nəşr olunan ədəbi toplularda dərc edir. O, ABŞ, Türkiyə, Pakistan, Cənubi Koreya və digər ölkələrdə şeir və məqalələri ilə ardıcıl olaraq çıxış edir.

Şair Prezident mükafatına, “Qızıl qələm” və digər ədəbi-media mükafatlarına, o cümlədən Qazaxıstanın "Əhməd Yasəvi" mükafatına, eləcə də "Çingiz Aytmatov - qızıl qələm” medalına layiq görülüb.

Elxan SALAHOV

Oxşar xəbərlər