16.02.2026, 17:59
AZ EN
16.02.2026, 16:15 178

Bakı-Belqrad əməkdaşlığı Cənubi Qafqazla Balkan ölkələri arasında əlaqələri möhkəmləndirir

YAZILAR
  • Azərbaycanla Serbiya arasında münasibətlər son illərdə siyasi, iqtisadi və enerji sahəsində dinamik inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin bu ölkəyə səfəri, Strateji Tərəfdaşlıq Şurasının ilk iclası ikitərəfli münasibətlərdə dönüş nöqtəsi hesab oluna bilər. Toplantının Serbiyanın Dövlətçilik Gününə təsadüf etməsi bu baxımdan rəmzi xarakter daşıyır.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, ümumiyyətlə, Azərbaycan–Serbiya münasibətləri son illərdə təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş geosiyasi məkanda – Cənubi Qafqaz və Balkan ölkələri arasında yeni körpü modelinin formalaşması kontekstində diqqət çəkir. Bu əlaqələr iki region arasında siyasi dialoq, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları baxımından yeni mərhələnin əsas elementlərindən biri kimi dəyərləndirilə bilər. Cənubi Qafqaz və Balkan yarımadası tarixən mürəkkəb siyasi proseslərin, etnik və ərazi münaqişələrinin yaşandığı region olub. Hər iki regionda dövlət suverenliyi və ərazi bütövlüyü məsələləri xarici siyasətin prioritet istiqamətlərindəndir. Məhz bu oxşar geosiyasi təcrübə Bakı ilə Belqrad arasında qarşılıqlı dəstəyi gücləndirir.

Səfərin əsas istiqamətlərindən birinin enerji əməkdaşlığı olduğunu deyən deputat qeyd edib: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır və alternativ mənbələrin şaxələndirilməsi siyasətini uğurla həyata keçirir. Serbiya üçün də etibarlı və sabit enerji tərəfdaşı ilə əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər resurslarının Avropa bazarına çıxışı regionlararası inteqrasiyanın real iqtisadi bünövrəsinə çevrilib. Serbiya üçün alternativ mənbələrə çıxış ilk növbədə iqtisadi sabitlik deməkdir. Bu mənada Azərbaycan–Serbiya əməkdaşlığı Cənubi Qafqaz regionu ilə Balkan ölkələri arasında enerji körpüsünün formalaşması kimi qiymətləndirilə bilər. Bu əlaqələr enerji təhlükəsizliyi, nəqliyyat-logistika inteqrasiyası baxımından regionlararası əməkdaşlığın praktik modelini təqdim edir.

N.Məmmədova diqqətə çatdırıb ki, Bakı ilə Belqrad arasında inkişaf edən strateji tərəfdaşlıq yalnız ikitərəfli münasibət deyil, həm də regional sabitlik, qarşılıqlı fayda və uzunmüddətli əməkdaşlıq üçün yeni platforma kimi çıxış edir. Bu kontekstdə hər iki ölkənin gələcək üçün birgə açıq planları var. (AZƏRTAC)

Oxşar xəbərlər