Qeyd edək ki, ilk şerini 7 yaşında yazan Ulduz Qasım 1976-cı ildə Cəbrayıl rayonunun Mehdili kənd orta məktəbini qızıl medalla bitirib. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Ulduz xanım orta məktəb illərində və tələbəlik illərində rayon, respublika mətbuat orqanlarında, radio dalğalarında şeirləri, məqalələri, oçerkləri, hekayələri ilə ardıcıl çıxış edib. “Mən aşiqəm Qarabağda”, “Tələbə gündəliyi”, “Qürbət Zöhrəsi”, “Xocalı şikəstəsi”, “Açılmayan sirrlər”, “Solmayan nərgiz”, “Ağ göyərçinlər”, “Qarabağda qiyamət”, “Qaçaq Aslan”, “Maral” kimi kitabların müəllifidir. “Qürbət Zöhrəsi”, “Xocalı şikəstəsi”və “Ağ göyərçinlər” romanları türk dilinə və əsərləri müxtəlif dillərə tərcümə olunub. “Xocalı şikəstəsi” (“Xocalı fəryadı”) 2019-cu ildə Türkiyə Mədəniyyət və Turizm nazirliyi tərəfindən ilin yaxşı əsəri seçilib.
Onun “Solmayan nərgiz”, “Xocalı şikəstəsi”, “Qarabağda qiyamət”, “Ağ göyərçinlər” kimi maraqlı romanları erməni vandalizminin iç üzünü həyati reallqlarla aça bilən əsərlərdir. Onun silsilə romanları sanki bir-bbbirinin davamı olaraq, işğal dövrünün bədii tarizxi kimi də qavranıla bilər. İnanırıq ki, istedadlı yazıçının “Badamgözlü” romanı da oxucular tərəfindən sevilərək oxunacaq.
Ulduz xanıma yaradıcılığında böyük uğurlar arzulayırıq.
Tahirə AĞAMİRZƏ