“Vətən səsi” xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. Onun sözlərinə görə, marşrutun bərpası Qafqazda nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinə kömək edəcək. Overçuk bildirib ki, bu tədbir İran, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Rusiya xalqlarının sülhü, sabitliyi və iqtisadi rifahı üçün vacibdir.
Baş nazirin müavini əlavə edib ki, Rusiya Ermənistanın Azərbaycan və Türkiyə istiqamətində yerləşən iki dəmir yolu sahəsinin bərpasına dəstək verməyə hazırdır: “Rusiya ümumi uzunluğu təxminən 1,6 kilometr və 12,4 kilometr olan hissələrin bərpası ilə bağlı danışıqlara başlamağa hazır olduğunu Ermənistan tərəfinə çatdırıb. Danışıqlar zamanı layihənin texniki, maliyyə və digər parametrləri müəyyənləşdiriləcək”.
Overçuk bildirib ki, nəqliyyat şəbəkəsinin bərpası regionun ümumi inkişafına təkan verəcək. Rusiyanın isə Naxçıvan Muxtar Respublikası ilə birbaşa dəmir yolu əlaqəsi yaratmaqla həm də Türkiyə üzərindən Aralıq dənizi limanlarına, eləcə də İran vasitəsilə Fars körfəzi və Hind okeanı limanlarına çıxış imkan qazandıracaq. O, xatırladıb ki, 1991-ci ildən bəri ilk dəfə olaraq Rusiya ilə Ermənistan arasında Azərbaycan və Gürcüstan əraziləri vasitəsilə dəmir yolu əlaqəsi bərpa olunub. Onun fikrincə, bu, rus mallarının daşınması üçün daha rəqabətli şərait yaradıb: “2025-ci ilin axırlarından tətbiq olunan bu açılım Avrasiya İqtisadi İttifaqına üzv dövlətlər arasında qarşılıqlı ticarətin möhkəmlənməsinə töhfə verir”.
Elxan SALAHOV