"Vətən səsi" xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib. Hər bir dövlətin özünəməsus milli ideologiyası olduğunu deyən politoloqun sözlərinə görə, Ermənisatn yarandığı gündən Türkiyəyə qarşı ərazi iddialarına və daha sonra müharibəyə başlayıb: "Amma məğlub olub yerlərinə oturublar. Sovet dövründə isə ermənilər tərəfindən anneksiya siyasəti davam etdirilirdi. Ararat respublikasının sovet dövründə ərazisinin üç dəfədən çox artması bunu təsdiq edir”.
Tofiq Zülfüqarov hesab edir ki, III Ermənistan respublikasının himnində, gerbində, konstitusiyasında olan problemlər mənimsədikləri “ideologiya” ilə bağlıdır. Onun sözlərinə görə, tarixi olmayan Ermənistan tərəfindən Azərbaycan və Türkiyə ilə yanaşı qonşu Gürcüstana da qarşı ərazi iddiaları ilə çıxış edib: "Bu “ideologiya” onların atributlarında əksini tapıb. 2020-ci ildəki 44 günlük müharibədən sonra erməni cəmiyyətində sahib olduqları “ideologiya”nın onları ölümə apardığı dərk edildi. Ona görə də indi tarixi səhflərini düzəltməyə çalışırlar. Nikol Paşinyanın dediyi “real Ermənistan” buna xidmət edir. Çalışırlar ki, özlərinə qarşı ittihama səbəb olan bütün məsələləri aradan qaldırsınlar. Gündəmlərində “IV Ermənistan” respublikası formalaşdırmaqdır. 2026-cı ildən sonra bu istiqamətində nələrin dəyişdiyini isə zaman göstərəcək”.
Xatırladaq ki, Ermənistanın dövlət himni 1918-ci ildə Ermənistan Demokratik Respublikası zamanında qəbul olunub. Ölkə müstəqilliyini bərpa etdikdən sonra bu himn müəyyən ixtisarlarla yenidən dövlət himni statusuna yüksəlib. Himnin sözləri Mikayıl Nalbəndyana, musiqisi isə Barsek Kanaçyana məxsusdur. Ermənistanın "İctimaiRadio"sunun dövlət himnindən “Düşmənlərə qarşı bərq vuran üçrəngli bayraq” və “Şanlı Ermənistanı yaratsın" misralarını səsləndirilən versiyadan çıxararaq təqdim etməsi müzakirələrə səbəb olub. İddia edilir ki, 10 gündür radionun səhər proqramı dövlət himninin ixtisar olunmuş variantı ilə yayıma başlayır. Sözsüz, bir ölkənin dövlət himninin düşmənçiliyi körükləyən ideologiyaya çağırış etməsi də birmənalı qarşılanmır. Baş nazir Nikol Paşinyan Ermənistanın dövlət himnini dəfələrlə tənqid edib. O, son bir neçə ayda himninin standartlara cavab vermədiyini əsas gətirərək, sözlərinin dəyişdirilməsini təklif edib.
Elxan SALAHOV